Azərbaycan müxalifətinin yeni identifikasiyası - Əhməd Məmmədli yazır
07-12-2022 12:03 / Bu xəbər 1630 dəfə oxundu
Əhməd Məmmədli
D18 Hərəkatının sədri
Bu günə qədər Azərbaycan ictimai-siyasi sferasında bir-birini ittiham etmək adi hala çevrilib. Və müxtəlif adlar onlara yapışdırılıb ki, məhz siz beləsiz. Məsələn, cib müxalifəti, avtobus müxalifəti, peyk müxalifəti və s.
Bəs Azərbaycanda müxalifəti (üstəlik vətəndaş cəmiyyətini də) necə ifadə etmək olar ki, hamısını bir çətir altına toplaya bilsin?
Çox sadə: müharibə müxalifəti
Bəli, Azərbaycanda müxalifəti yaradan səbəb Qarabağ konflikti və ardınca alovlanan müharibədir. Müharibə olmasaydı Azərbaycanda siyasi atmosferin sirkulyasiyası tamam başqa cür olacaqdı.
Ölkədə II Qarabağ müharibəsinə qədər insanların mövcud idarəetməyə qarşı narazılığı Qarabağ və onun üzərində cərəyan edən milli kimlik problemi olub. Yəni insanlar inanırdılar ki, onları anti-milli siyasi qüvvələr idarə etdiyi üçün ölkənin ərazi bütövlüyü təmin edilmir.
Müxalifət partiyaları da daim bunu özlərinə ciddi arqument kimi seçərək bunun üzərində sosial bazalarını qurmuşdular.
Müharibə müxalifətinin sıralarında isə siyasi təşkilatlarla paralel sivil toplum quruluşları və ölkənin öndə gedən ictimai-siyasi simaları da təmsil olunurdular. Onlar da müharibənin təşviq və təbliğində siyasi müxalifətdən heç də geri qalmayıblar.
2020-ci il müharibəsi ilə status-kvo dəyişdi. Müxalifət sosial bazasını bir daha yeniləyə bilməmək üzrə itirdi. İndi tək yol müharibədən qalmış qırıntılarla qidalanmaq idi.
Xankəndi tələbi və Rusiya sülhməramlıları onlara müxalifətçiliklərinin davamı üçün qalan artıqlar oldu. Ardınca illərdir müxalifətin tənqid etdiyi İran hakimiyyətini Əliyev də hədəfə aldı.
Rusiyaya yarı-açıq və ya yarı-gizli formada tabesizlik göstərməyə başladı. Geosiyasi və daxili vəziyyəti də öz xeyrinə dəyişdi. Mürtəce müxalifət hər şeyini itirdi.
Ardınca post-müharibə dövründə yeni və üzərindən siyasət qurula bilinəcək məsələlərə daxil olmaqdan qorxdu. Çünki siyasi təbiəti müharibə və milli kimlik üzərində olan müxalifətə bu baha başa gələ və fiaskoya uğradığını etiraf etdirə bilərdi. Buna görə də 2022-ci ildə İlham Əliyevin müharibəsinə qarşı çıxa bilmədilər. Ən cəsur siyasi nümayəndələri susmaqla kifayətləndilər.
Siyasətdə qorxaqlıq həbs və işgəncəni gözə almaqdan çox doğru bildiklərini ifadə etməkdə aciz olmaq və müdafiəsinin cəmiyyətdə hərəkətlilik yaradacağı məsələləri ört-basdır etməkdir...