Azərbaycan müxalifətini silkələyən partiya daxilində üzvlük qalmaqalı
08-05-2020 21:00 / Bu xəbər 1814 dəfə oxundu
Bu məqalə Avropa İttifaqının maliyyəsi ilə "OPEN Media Hub" tərəfindən dəstəklənib.
Müəllif Azərbaycanda heç bir siyasi partiyanın üzvü deyil və olmayıb.
Siyasi müxaliflər Azərbaycandan qaçdıqda qışın soyuğunda Yunanıstan sahillərinə enmək üçün Aralıq dənizi boyunca plastik gəmilərə minmirlər, nə də Almaniya, Hollandiya və ya İsveçrəyə getmək üçün piyada yerimək və ya avtostop etmək məcburiyyətində qalmırlar: sadəcə özləri ilə müxalifət partiyasına üzvlüyü təsdiq edən sənədləri götürərək təyyarə ilə uçurlar.
Azərbaycan 2003-cü ildə hakimiyyəti atası Heydərdən təhvil alan İlham Əliyev tərəfindən idarə edilir. Milli Məclis kimi tanınan Azərbaycan parlamentində üç partiya və bir neçə müstəqil millət vəkili təmsil olunur. Lakin plüralizmin bu görüntüsünün arxasında Əliyev rejiminə və hakim Yeni Azərbaycan Partiyasına (YAP) yekdil dəstək dayanır. Bununla yanaşı, ölkənin parlamentdənkənar fəaliyyət göstərən müxalifəti son illərdə amansızlıqla siyasi fəaliyyətdən təcrid edilir və repressiyaya məruz qoyulur. İnsan hüquqları aktivistləri, jurnalistlər və rejimin tənqidçiləri həbs edilir və onların hüquqları ciddi şəkildə pozulur. Hökümət insan haqları ilə bağlı istənilən tənqidi rədd etsə də, "Freedom House” təşkilatı Azərbaycanı "qəsb edilmiş avtoritar rejim” kimi təsnif edir.
Yəni ki, bu gün Azərbaycanda parlamentdənkənar bir müxalifət partiyasının üzvü olmaq haqların pozulması, şiddət və bəzən cinayət ittihamları ilə üzləşmək deməkdir. Bu o deməkdir ki, bu cür fəalların və siyasətçilərin xaricdən sığınacaq istəməsi üçün əsasları var, lakin bu hal həm də partiyanın üzvlüyünü bəziləri üçün Avropada qalmağa müvəffəq olmağın qarantiyası kimi cəlbedici edir. İllərdir ki, Azərbaycanın müxalifət partiyalarında yüksək səviyyəli rəsmilərin siyasi hərəkatlarına heç bir aidiyyəti olmayan insanlara üzvlük vəsiqələri (iddialara görə nağd pul qarşılığında) verdikləri barədə şayiələr dövr edir.
Almaniyada bir sıra Azərbaycan vətəndaşlarının həbsindən sonra bu söz-söhbətlərin şayiədən daha çox gerçək olduğuna şübhə etməyə əsas verir.
Bu hekayə müəyyən bir partiyanın - Müsavatın ətrafında cərəyan edir.
Qızıl bilet
"İnsanlar Müsavat partiyasına üzvlük vəsiqələrini almaq üçün müraciət edirlər; iki və ya üç ay sonra bu siyasətlə əlaqəsi olmayan insanlara ‘Azərbaycanda repressiv rejimə qarşı davamlı olaraq mübarizə aparan qəhrəmanlar’ kimi tövsiyyə məktubu və mitinqlərdə partiya sədri ilə birlikdə çəkilmiş bir neçə fotoşəkil verilir. Bu, xaricdə sığınacaq almaq üçün qapı açır,” deyə Yafəz Həsənov "Global Voices" saytına bildirib. Həsənov Müsavat Partiyasının məclis üzvü və Avropada yaşayan siyasi mühacirləri üçün Müsavatın 2016-cı ildə Almaniyada təşkil etdiyi Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) Nəzarət-təftiş Komitəsinin keçmiş sədridir.
"Bu bir il əvvələ qədər hələ də mümkün idi, amma hazırda Alman hökuməti buna artıq inanmır”, - o əlavə edir.
40 yaşlı Rahid Bəşirov bunu çətin yol hesab edir. Bəşirov 1998-ci ildən Müsavat partiyasının üzvü olub və partiyanın Zəngilan rayon şöbəsi sədrinin müavini vəzifəsində çalışıb. 2014-cü ildə Bəşirov Müsavatın üzvü olsa da, partiyanın fəaliyyətindən məyus olmağa başlayıb və NİDA vətəndaş hərəkatına yönəlib. 2015-ci ildə Azərbaycan hökuməti müxalifət üzvlərinə qarşı təzyiqləri gücləndirməyə başladıqdan sonra Bəşirov və həyat yoldaşı Şuşa Yol İnstitutunda və Rabitə Bankında işlərindən azad edilib. 2017-ci ildə ailə Avropaya qaçıb.
"2017-ci ildə vəziyyət daha da ağırlaşdı. Mən mütəmadi olaraq sosial mediada tənqidi fikirlər səsləndirirdim; Müsavatın siyasətindən məmnun qalmadığımız üçün arayış içindəydik və partiya strukturlarından kənarda təşkilatlanmağa çalışırdıq,” - deyə Bəşirov telefon vasitəsilə "Global Voices” saytına bildirib.
O, bağırsaq iltihab xəstəliyi diaqnozu qoyulana qədər hakimiyyətin təzyiqinə qarşı çıxmağa davam edib. "İndi Almaniyadayam; Həyatıma təhlükə olduğuna görə, geri qayıtdığım halda həbs olunacağıma görə. Hətta bir ay belə həbsdə saxlasalar bu, xəstəliyimin alovlanması deməkdir,” deyə Bəşirov bildirib.
Almaniyaya gəldikdən sonra Bəşirov siyasi sığınacaq üçün müraciət edib, lakin rədd cavabı alıb. Almaniyanın Münster şəhər məhkəməsinə qərarla bağlı şikayət etsə də hakim işi rədd edib.
Bəşirovun Alman səlahiyyətlilərindən aldığı rədd məktubunda bəzi açıqlayıcı məsələlər qeyd olunub: "Həmçinin təqdim edilən partiya üzvlük vəsiqələri və digər partiya üzvlərinin rəyləri iddiaçının fikirlərini [iddialarını] əsaslandırmaq üçün uyğun [kifayət] deyildir. Xüsusi fikir verilməli olan məqam ondan ibarətdir ki, Azərbaycanda partiya rəhbərliyindən yaxın münasibətlərdən istifadə edərək arayışların alınması heç də çətin deyildir.”
Almaniyanın Azərbaycanlıların sığınacaq müraciətlərinə daha ehtiyatla yanaşmağa başladığına dair bəzi göstəricilər var. Ölkənin Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumatına görə, 2018-ci ildə 1,783 Azərbaycan vətəndaşı sığınacaq üçün müraciət edib. Bu müraciətlərin 57-si təsdiq edilib. Bununla yanaşı 2019-cu ilin ilk beş ayında Azərbaycan vətəndaşları tərəfindən edilən 630 sığınacaq müraciətindən yalnız 6-ı təsdiqlənib. Bu, bir il əvvələ nisbətən təqribən üç dəfə aşağı bir göstəricidir.
BAMF üçün Azərbaycandan daxil olan sığınacaq müraciətlərini qiymətləndirməyə kömək edən İlqar İsayev "Global Voices” saytına bildirib ki, Almaniyada sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının əksəriyyəti özlərini siyasi müxalif kimi təqdim edirlər.
"Onlar əsasən siyasi səbəblər göstərirlər, guya hökumət tərəfindən təqibə məruz qalırlar, amma danışdıqları tarixçəyə baxanda görürsən ki, onların siyasətdən elə də xəbərləri yoxdur və ya açıqlamaları baxırsan Azərbaycan reallıqlarıyla üst-üstə düşmür,” İsayev müəllifə sentyabrın 10-da verdiyi müsahibə zamanı deyib.
"Hiss edirsən ki, onlar siyasi keçmişi olan adamlar deyil. Həqiqətən siyasi təqiblərə məruz qalanlar üzdə olurlar və onların adları ictimaiyyətə bəlli olur.”
BAMF sığınacaq axtaranların hekayələrini yoxlamaq üçün ciddi bir proses həyata keçirir. İlk olaraq, Alman rəsmiləri şəxsin Azərbaycana qaytarılacağı təqdirdə onu nə gözlədiyini nəzərdən keçirməlidir. BAMF-ın İsayev kimi qərar qəbul edən şəxsləri sığınacaq üçün yaxşı əsas olduğuna inanarsa, qurum ərizəçinin şəxsiyyətini təyin edə bilən və tarixçəsini yoxlaya bilən müstəqil mənbələrə sahib Almaniyanın Azərbaycanın paytaxtı Bakıdakı səfirliyinə müraciət edir. İsayevin eyni müsahibədə izah etdiyi kimi bu müddətdə BAMF şəxsin mütləq olaraq partiya üzvlüyünə deyil, şəxsin həqiqətən Azərbaycanda təqiblərə məruz qalıb-qalmamasına maraq göstərir.
İsayev əlavə edib ki, bu hallarda belə, ərizəçilərin təqdim etdiyi partiya sənədləri çox vaxt orijinal olur. "Bunlar əsasən 2015-ci ildən 2018-ci ilə qədər olan sənədlərdir, lakin indi [Azərbaycandan gələn sənədlərin] kəsərli olmadığı göstərilir. Bu sənədlərə görə qərar qəbul edilməməsi tövsiyə olunur,” deyə o əlavə edib.
Bu, Bəşirovun Müsavat partiyasına üzvlüklə Almaniyada siyasi sığınacaq almış insanların bir çoxunun müxalif olmadığı iddiaları ilə üst-üstə düşür. "Onların heç biri qarşıma çıxıb deyə bilməz ki, mənim sənin qədər Azərbaycanda sistemli fəaliyyətim olub və təzyiqlərə məruz qalmışam.”
Bəşirov deyir ki, bu cür partiya üzvlük vəsiqələrinin satışı 2005-ci ildə keçmiş parlament sədri İsa Qəmbərin Müsavat partiyasına rəhbərlik etdiyi vaxtdan başlayıb. "Sadəcə Arif Hacılının başqanlığı altında (2014 c ildən bəri) bu iş Avropa Koordinasiya Mərkəzinin (AKM) yaradılmasıyla sistemli hala çevrilib,” – Bəşirov əlavə edib.
Sirli 197
2019-cu ilin avqustunda Müsavat Partiyasının sədri Arif Hacılı son 5 ildə 197 nəfərə rəsmi tövsiyyə məktubu verdiyini etiraf edib. Oktyabrın 13-də yenidən növbəti beş il müddətinə partiya sədri seçilən Hacılı vurğulayıb ki, "Müvafiq strukturlara müraciət edib, bu sənədləri əldə etmək mümkündür. Bu məsələlər Müsavat partiyasının daxilində, daxili idarəçilik qaydaları ilə tənzimlənir.”
Müsavat üzvlərindən bir neçəsi "Global Voices” saytına bildiriblər ki, partiyanın idarə heyəti 197 nəfərin kimliyi barədə heç vaxt məlumatlandırılmayıb və rəhbərliyin yeni vəsiqələrlə bağlı gizliliyinin daha böyük səbəbləri var.
Yadigar Sadıqlı Müsavat başqanının keçmiş müavinidir. O, 2016-cı ildən etibarən partiyanın Azərbaycandan mühacirəti iddia edildiyi üzrə asanlaşdırdığını araşdırmağa başlayıb. Sadıqlı bu şəxslərin Müsavat partiyasının üzvü olmadığını təsdiqləmiş olduğunu qeyd etsə də, "Global Voices” tərəfindən soruşulduqda bu şəxslərin kimlikləri haqda məlumatsız olduğunu deyib.
"Partiyaya qarşı edilən repressiyalar əvvəlkindən sərt olmasa da, sığınacaq almaq üçün xaricə üz tutan müsavatçıların sayı şübhəli şəkildə artırdı. Bu disproporsiya o qədər bariz idi ki, səssiz qalmaq olmurdu,” deyə Sadıqlı "Global Voices” saytına bildirib.
"Biz dəfələrlə təklif etdik ki, Müsavat bu vəsiqələri verməyi dayandırsın və qalmaqal artıq partiyanın imicinə xələl gətirdiyi üçün partiya bu məsələlərdən uzaq durmalıdır. Hətta müəyyən müddətə vəsiqələrə moratorium da təklif etdik,” Sadıqlı deyib. "Bildirdik ki, heç bir üzvün hüquqları partiyanın imicindən daha vacib deyil, amma təkliflərimiz qəbul olunmadı,” Sadıqlı əlavə edib.
Sadıqlı son olaraq 2018-ci ilin mayında Müsavatdan partiyanın sığınacaq siyasətini araşdıra bilmədiyinə və bu haqda rəhbərlikdən heç bir məlumat əldə edə bilmədiyinə görə başqan müavinliyindən istefa verməli olub.
Yafəz Həsənov Sadıqlının fikirlərini bölüşür. "Fəal Müsavatçı və bir jurnalist olaraq, hökumət tərəfindən təqib olunan bütün Müsavat Partiyası üzvlərini tanıyıram. İndiyə qədər onlardan yalnız 19 və ya 20-ni Avropada görmüşəm. Bəs görəsən rəqəm rəsmi olaraq necə 197 olur?” deyə Həsənov sual verir.
Həm Həsənov, həm də Sadıqlı iddia edir ki, bəzi partiya səlahiyyətliləri hətta Avropada məskunlaşmış azərbaycanlıları sənədlə təmin ediblər.
"Bəzi azərbaycanlılar Almaniyada olduqları müddətdə cənnət qapılarının onlara açılacağını düşünürlər. Ancaq sonra yaşayış icazəsi lazım olduğunu başa düşdükləri zaman üzvlük vəsiqələri və tövsiyyə məktubları almaq üçün Müsavat AKM-ə müraciət edirlər”, - deyə Həsənov izah edib.
"AKM daha sonra bu adların siyahısını Müsavatın Bakıdakı qərargahına göndərir və xahiş edirlər ki, bu yeni şəsxlər şərtsiz üzv olsun. Daha sonra bu şəxslər daha erkən tarixdə qeydiyyata alınır və sonra Müsavat AKM-in üzvü olur.”
Həsənov iddia edir ki, o əsl rəqəmin daha yüksək olduğundan şübhələnsə də Müsavat AKM ən azı 200 nəfərə bu cür tövsiyyə məktubu təqdim edib.
Keçmiş tarixli arayışların verilməsi ilə bağlı Hacılı və Müsavatın AKM-in sədri İlham Həsən nə təsdiqləyib, nə də təkzib edib.
Hacılı "mətbuatda bu tip məsələlərin müzakirəsinə zərurət” olmadığını deyərək əlavə şərh verməkdən imtina edib.
Müsavat başqanının digər keçmiş müavini Tofiq Yaqublu keçmiş tarixdə sənədlərin verilməsinin etikasını sual altına alır: "Istənilən üzvün arayış almaq hüququ var. Mən deyirəm ki, arayış düz yazılsın”, – deyə o bildirib.
"Bir adam cəmi bir ay müsavat partıyasının üzvü olubsa və heç bir təzyiqlərə məruz qalmayıbsa eləcə də yazılsın, heç bir şişirdilmə olmamalıdır.. İmza və möhür saxta deyil, amma arayışlar yalanlarla doludur.”
Yagublu AKM-in tövsiyyə məktubları və partiyaya üzvlük vəsiqələrini pul qarşılığında verə biləcəyini söylədikdə ittihamlarında bir addım da irəli gedir. "Heç bir saxta arayış pulsuz verilmir” deyərək əlavə edir ki, bir neçə dəfə Avropada Müsavat AKM-dən aldıqları sənədlərdən narazı qalan Azərbaycan vətəndaşları ona yaxınlaşıb.
"Sənədlərini göstəriblər və AKM-in onları necə aldatdığını deyiblər. Təbii ki, bu cür yardım qarşılığında 100-200 avro ödəmirlər. Avropada mənə yaxınlaşan bir şəxs AKM-ə bir tövsiyyə məktubu üçün 2000 avro ödədiyini deyib. Lakin sonra vəkil ona sənədin qənaətbəxş olmadığını bildirib.”
AKM-in Bavaryadakı keçmiş koordinatoru Zakir Ağayev də Müsavatın "pul qazanmaq üçün” üzvlük vəsiqələrini verdiyini və bəzi rəsmilərin Müsavatla "siyasi partiya olaraq deyil, turizm şirkəti kimi rəftar etdiklərini” iddia edir.
Ağayev deyir ki, 2005 və 2016-cı illər arasında Azərbaycanda kiçik bir iş adamı olaraq Müsavat partiyasına maddi yardım təklif edib və sonradan Cəlilabad əyalətində yerləşən partiya qolunun rəhbəri təyin edilib. Biznesi hökumət tərəfindən ələ keçirildikdə Ağayev AKM-in məclis üzvü təyin edilib. Ancaq Avropada yaşayan Müsavat üzvləri ilə əlaqə yaratmağa çalışarkən partiya ona onların kontaktlarını təmin etməyib.
"Görüşdüyüm şəxslər Azərbaycanda siyasətə qarşı laqeydliklərini bildirirdilər, bu, məndə şübhə yaradırdı,” deyə xatırladan Ağayev partiyanın yeni üzvlərindən heç birini tanımadığını və bu səbəbdən onların Almaniyada niyə məskunlaşdıqlarını bilməkdə maraqlı olduğunu söylədi. Ağayev partiya rəhbərliyinin onun marağını qiymətləndirmədiyini və 2017-ci ildə qovulmasının səbəbinin onun bu məsələləri sorğulaması ilə yanaşı talış etnik mənsubiyyətinə də bağlı olması ilə əlaqəli olduğunu düşünür.
"Mən 19 il Müsavat Partiyasının üzvü olmuşam və sədr müavini olmuşam, amma bu insanları tanımıram,” Sadıqlı bildirir. Onun fikrincə, hökumətin təzyiqinə məruz qalan azərbaycanlı fəalların ümumiyyətlə Avropa miqrasiya idarələrinə sənəd aparmalarına ehtiyac yoxdur, çünki onlar artıq Human Rights Watch və Amnesty International kimi beynəlxalq insan haqları təşkilatları tərəfindən tanınırlar.
"Daha maraqlısı, Bakıda mitinq keçirərkən partiya liderləri etiraz etmək üçün 200 adam toplaya bilmirlər,” deyə Sadıqlı müsahibəsində təəccüblə qeyd edir. "Bəs onlar təqib olunan üzv kimi 197 nəfəri Avropaya necə göndərə bilirlər?”
Həqiqətin inkarı
Müsavat Partiyası rəhbərləri ittihamları qətiyyətlə rədd edirlər. Müəlliflə elektron yazışmada Müsavatın keçmiş başqanı İsa Qəmbər bütün bunların "Müsavat partiyasına qarşı böhtan kampaniyası” olaraq təsnif edib.
"Bu iddiaları biz hakimiyyətdən də, rəqib siyasi qüvvələrdən də, hər hansı səbəbdən Müsavat Partiyasından incik düşənlərdən də eşitmişik. Lakin bu ittihamı irəli sürən qurum və şəxslərin heç biri bu günə qədər ortaya sübut… Müsavat Partiyasına aid bircə saxta sənəd qoymayıblar,” – deyə Qəmbər açıqlayıb.
"Necə ola bilər ki, iddia olunduğu kimi Müsavatdan illərlə və kütləvi şəkildə saxta sənəd verilsin, amma bu "saxta sənədlərin” heç olmasa bir neçəsi ortaya çıxmasın?!”
Önəmlisi, Avropadakı miqrasiya idarələrinə təqdim edilən sənədləri birmənalı olaraq "saxta” adlandırmaq olmaz. Hətta Bəşirovun işində olduğu kimi rədd olunsa belə partiyaya üzvlük vəsiqələri və dəstək məktubları Müsavat rəsmiləri tərəfindən təmin edilir.
"Onların hamısı orijinaldır, mənim partiya vəsiqəm kimi. Hamısının üzərində partiyanın möhürü var. Saxta element partiya vəsiqəsi verilən insanlardır,” deyə Yafəz Həsənov izah edir.
"Partiya Avropa ölkələrinin bu mövzuda qərarlarına görə məsuliyyət daşıya bilməz. Və Partiya heç bir üzvünə təminat verməyib ki, bu sənədlər Avropada oturum almağa kifayətdir,” – deyə Qəmbər izah edib. O, saxta sənəd şəbəkələrinin partiyaya üzvlüklə bağlı sənədləri saxtalaşdıra biləcəyini təxmin edərək Avropada bu tip sənədlərin araşdırılmasının Müsavatla bağlı şübhələri əks etdirmədiyini vurğulayıb.
Bəşirovun Müsavat üzvlüyü barədə sualları cavablandıran Qəmbər "Global Voices” saytına üzvlük vəsiqəsinin özünün daha öncə vurğuladığı kimi "saxta sənəd” deyil, əksinə orijinal olduğunu təsdiqləyib.
Qəmbər Alman məhkəməsinin mənfi reaksiyasından təəccüblənmədiyini bildirib, çünki "adam 2007-ci ildə (12 il əvvəl-?!) aldığı arayışı 2019-cu ildə təqdim edib.” Texniki cəhətdən bunun əhəmiyyəti olmamalıdır; partiya üzvləri deyirlər ki, Müsavat partiyası tərəfindən verilən rəsmi üzvlük vəsiqələrinin heç birinin etibarlılıq müddəti yoxdur.
Bu ilk dəfə deyil ki, Müsavatın üzvlük siyasəti diqqət mərkəzindədir. 27 fevral 2017-ci ildə Qəmbər və Hacılı Baş Prokurorluğa çağrılıb və saxta sənədlərlə Avropada qaçqın statusu almaq istəyən azərbaycanlılar haqqında sorğu-sual edilib. Qəmbər bu addımı siyasi motivli adlandırıb.
"Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub,” deyə Qəmbər "Novator” xəbər saytına bildirib. Arif Hacılı da həmin dövrdə oxşar açıqlamalar verib.
25 fevral 2017-ci ildə Müsavat başqanının müavini Gülağa Aslanlı da dindirilib. Bu il dekabrın 11-də Aslanlı Müsavatın sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi barədə qaldırdığı iddialarla bağlı Yafaz Həsənova qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırıb.
Bəşirov ən azı əmindir ki, rüşvət verməkdən imtina etdiyi üçün Müsavat partiyası onun yanında olmaqdan imtina edib. "Mən sadəcə desəydim ki, Arif [Hacılı] bəyə eşq olsun, onlar mənə də kömək edərdilər” deyə o əlavə edib.
"Mən real olduğuma görə bunlar mənim üzərimdən pul qazana bilmədiklərinə görə istəmədilər ki, bu məsələ çox da qabarsın. Bu alver gündəmə gəlir və buna görə də bunların bazarı ölür,” deyə Bəşirov sözlərini tamamlayır.
Almaniyada həbs
Sadıqlı "Global Voices” saytına açıqlamasında partiya üzvlüyünün pulla dəyişdirilə biləcəyinə "inanmaq istəmədiyini” bildirib.
Həqiqətən, üzvlük vəsiqələri və dəstək məktubları üçün pulun əl dəyişdirdiyini sübut etmək çətindir. Vəsiqələri alan azərbaycanlı mühacirlər yaşayış statusu almalarının təhlükə altında qalacağından qorxduqları üçün danışmaq istəmədilər. Ancaq Almaniyada son həbs mümkün əlaqəni ortaya qoyur.
Noyabr ayının 13-də "Der Spiegel” Alman Federal Polisinin Azərbaycanlı qruplaşma tərəfindən həyata keçirilmiş qaçaqmalçılıq, sənəd saxtakarlığı və çirkli pulların yuyulmasına qarşı Köln, Frankfurt, Visbaden və Düsseldorfda səhər saatlarında əməliyyat başlatdığını xəbər verib. Əməliyyata 180 polis əməkdaşı cəlb olunub və basqın zamanı noutbuk, smartfon, kimlik vəsiqələri və 21,000 avroya yaxın nağd pul da daxil olmaqla çox sayda sübut ələ keçirilib.
Koblenz şəhər polisinin verdiyi açıqlamaya görə, 49 yaşlı və 58 yaşlı Azərbaycan vətəndaşı həbs olunub. Onlardan biri Müsavat AKM-in ikinci vəzifəli şəxs Mehdi Xəlilbəyli olub.
"Bu insanlar 3,000-10,000 avro müqabilində ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya gətirməkdə ittiham edilirlər. Cinayətkar qrup Almaniyada uzun müddət qalmalarını təmin etmək üçün dəstələri mütəşəkkil miqyasda saxta sənədlərlə təmin etmişlər,” deyə press-relizdə deyilir.
Dekabrın 3-də müəlliflə elektron poçt yazışmasında Koblenz Federal Prokuroru Thorsten Kahl iki adamın qaçaqmalçılıq və sənəd saxtakarlığı ilə əlaqədar həbs olunduğunu təsdiqləyib və 8 şübhəlinin istintaqa cəlb olunduğunu əlavə edib.
Bu son həbslər Koblenz şəhər məhkəməsinin 25 oktyabr tarixli qərarında açıqlandığı kimi Xəlilbəyli ilə İlham Həsən arasında saxta sənədləri və külli miqdarda pulu daşımaq üçün sürücü kimi çalışan Rəşad Məmmədovun etirafından sonra başlayıb.
Həbslərdən dərhal sonra Müsavat rəhbərləri həbs olunan adamlardan uzaqlaşmağa çalışıblar. Noyabrın 14-də müstəqil mətbuat orqanı Meydan TV-yə verdiyi açıqlamada Hacılı "Mehdi Xəlilbəyli partiyanın sıravi üzvüdür, o, AKM-in sədr müavini deyil” deyə iddia edib. Noyabrın 20-də Müsavat AKM-in sədri İlham Həsən Xəlilbəylinin təşkilatdan qovulmadığını bildirib və üzvlük vəsiqələrinin satılması ilə əlaqədar Müsavata qarşı irəli sürülən bütün ittihamların böhtan kampaniyası olduğunu vurğulayıb.
İnam böhranı
Şayiələrin Müsavatın nüfuzuna xələl gətirdiyi görünür. Çar imperiyasının süqutundan sonra qısa müstəqillik dövründə ölkəyə rəhbərlik edən Azərbaycanın ən qədim siyasi partiyası indi etibarına zərər verəcək hadisələrlə üzləşir.
"Partiya şəxsiyyət vəsiqələrinin satılması ilə bağlı bütün bu ictimai müzakirələr ictimaiyyətdə şübhə hissini artırıb və Müsavata inamı azaldıb. Əgər bunları Alman məhkəmələri təsdiqləsə, hesab edirəm ki, partiya rəhbərliyi istefa verməlidir. Müsavatın adı bu məsələdə hallanır və bu, liderlərin siyasi karyeralarına son qoyacaq hadisədir,” deyə politoloq və Azərbaycan paytaxtında yerləşən Bakı Tədqiqat İnstitutu adlı düşüncə mərkəzinin rəhbəri professor Altay Göyüşov qeyd edib.
Göyüşov hesab edir ki, Almaniya məhkəmə sistemində qərar çıxana qədər partiya rəhbərliyi ittihamları şayiə və yalan kimi rədd edəcəkdir. O, Müsavatın siyasi səhnədən çıxıb gedəcəyinə inanmadığını bildirsə də eyni zamanda əlavə edib ki, partiya ciddi şəkildə proseslərə təsir edəcək gücdə olan siyasi təşkilat deyil və veteran partiya müxalifətin yenilənməsini, dirçəlməsini, gəncləşməsini və müasir şəraitə uyğunlaşmasını önəmsəyən gəncləri öz sıralarına cəlb etmək nöqteyi nəzərdən uğurlu deyil.
"Müxalifət 2010-cu ildən bəri özünü yeniləməyə çalışır, lakin NİDA-ya qarşı edilən repressiyalar, İlqar Məmmədovun həbsi bu prosesi dayandırmağa nail oldu. Bütün bu repressiyaların mərkəzində Müsavat da daxil olmaqla ənənəvi müxalifət yenidən meydana çıxmağa başladı, lakin görünən odur ki, partiyanın özü də camaatı siyasi mübarizəyə cəlb etməkdə çətinlik çəkir, bu, boşluğun faktiki doldurulmadığını göstərir. Lakin bu boşluq boş yerə deyil, bu proses müəyyən bir istiqamətə yönəldilməlidir. Yəqin ki, Azərbaycanda əsasən gənclərdən ibarət olan yeni bir müxalifətin yaradılması prosesi zərurət kimi ortaya çıxacaq,” deyə Göyüşov vurğulayıb.
Berlində yaşayan Azərbaycan üzrə ixtisaslaşmış sosioloq Sergey Rumyantsev deyir ki, görünənlər ürəkaçan deyil. "Müsavat böhranı daha çox dövlət təzyiqi ilə bağlıdır və hökumətin bu hadisədən ölkənin müxalifət partiyalarını sındırmaq və məhv etmək üçün istifadə etdiyi açıq-aşkar görünür. Ancaq prinsipcə daxili problemlər var. Müsavat rəhbərliyi çoxdandır ki, dəyişmir. Müxalifət partiyasının rejimi təqlid etməsi və irsiliyə dayanması çox böyük bir problemdir,” deyə Rumyantsev bildirib.
Hələlik Avropa Azərbaycan müxalifləri üçün özlərini açıq ifadə edə bildikləri və birliklər yarada bildikləri məkan olaraq vacib bir rol oynayır. Buna görə də Sadıqlı kimi fəallar Müsavat qalmaqalının bu azadlığı təhdid edə biləcək bir faciə olduğunu düşünürlər.
Həbslərdən iki həftə sonra Almaniya hakimiyyəti təkcə Bavariya əyalətindən 300-ə yaxın Azərbaycan vətəndaşını deportasiya edib. Bundan əlavə, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov 1,385 azərbaycanlının Almaniyada qanunsuz olaraq qaldığını və ölkəyə qaytarılmalı olduğunu qeyd edib.












