Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ

25-11-2020 01:36 / Bu xəbər 1162 dəfə oxundu

"Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub".

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir", - məlumatda bildirilir.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar 44 gün davam edib. Bu müddətdə Azərbaycanın Cəbrayıl, Hadrut, Füzuli, Qubadlı, Zəngilan, Şuşa rayonları azad edilib.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. 

Dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulub. 

Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.

İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam rayonu 1993-cü ilin iyulun 23-də işğal edilib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb. Fərmana görə, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.