Azərbaycan Qarabağ ermənilərinə 40 ton un göndərib

Azərbaycan Qarabağ ermənilərinə 40 ton un göndərib

29-08-2023 17:05 / Bu xəbər 762 dəfə oxundu

Arutyunyanın mətbuat katibi deyir ki, bu məsələ onlarla razılaşdırılmayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni əhalisinə humanitar yardım göndərib.

Yardımda 40 ton un məmulatı olduğu bildirilir.

Bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib ki, yardım bu gün yola düşəcək: "Biz Ağdam-Xankəndi yoluna yollanacağıq. Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Azərbaycanın bu addımına Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan cavab verib.

O bildirib ki, əgər Azərbaycan, həqiqətən də, Qarabağ  xalqının humanitar fəlakətinin qarşısını almaqda maraqlıdırsa, o zaman Laçın dəhlizi ilə təchizatın bərpasına izin versin: "Bakı bu gün iki yük maşını ilə Ağdam-Stepanakert yolu ilə Dağlıq Qarabağa 40 ton un göndərdiyini bildirib. Bu məsələdə Artsax (Dağlıq Qarabağ) tərəfi ilə razılığa gəlinməyib. Düşünürük ki, bu addım problemlərin həllinə yox, dərinləşməsinə yönəlib. Azərbaycan tərəfi ilə hər hansı dialoq ilk növbədə Laçın dəhlizi ilə gediş-gəlişin bərpası ilə bağlı aparılmalıdır. Dəhliz həm insanların, həm də yüklərin və nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti üçün sərbəst və fasiləsiz fəaliyyət göstərməlidir”.

Daha öncə Ermənistanın da Xankəndiyə 361 ton humanitar yardımın göndərdiyi barədə məlumat açıqlamışdı.

Baş nazir Nikol Paşinyan bildirmişdi ki, yardım Laçın yolu vasitəsilə göndərilib.

Sonradan isə açıqlama yayıldı ki, Azərbaycan həmin yardımı buraxmaqdan imtina edib.

Yük dolu maşınların iki ölkənin sərhədində qalıb.

Azərbaycan tərəf isə Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini bildirib.

Qeyd edib ki, qarşı tərəf bundan imtina edib.

Ermənistan tərəf düşünür ki, Bakının Laçın dəhlizi ilə sərbəst gediş-gəlişi bərpa etməmək və Ağdam vasitəsilə humanitar yardım göstərmək təklifinin məqsədi 9 noyabr bəyanatına yenidən baxmaq cəhdidir.

Onlar hesab edirlər ki, Azərbaycanın israrla təklif etdiyi bu yanaşma Qarabağ xalqının hüquqlarını pozur, ləyaqətini alçaldır və beynəlxalq humanitar hüquqa ziddir.

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də deyib ki, onda Bakının Laçın dəhlizini birtərəfli qaydada açmağı planlaşdırması barədə məlumat var.

Paşinyanın sözlərindən belə çıxıb ki, Bakı Qarabağ ermənilərinin regiondan çıxmasına icazə verəcək, geri dönmələrinə isə yox.

Ermənistan 2022-ci ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

 Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

2023-cü ilin aprelindən isə Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.