"Azərbaycan regionda yeganə ölkədir ki..." - Ələsgər Məmmədli

17-10-2017 09:45 / Bu xəbər 1661 dəfə oxundu

Azərbaycanda böhtana görə Cinayət Məcəlləsinin 147-ci maddəsinə əlavələrin edilməsi təklif edilir.

Təklifə əsasən, böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. 

Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası var.

Bu cəza 2011-ci ildə ləğv olunmuşdu. Maraqlıdır, görəsən, bu cəza növünün yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır?

Mövzunu hüquqşünas və media hüququ üzrə ekspertlər Toplum.Tv-yə şərh ediblər. 
 
Media üzrə ekspert Xalid Ağəliyev hesab edir ki, Milli Məclisdən bu maddələrin ləğv etməsi gözlənilsə də, gerçəkləşmir: "Ümumiyyətlə, Cinayət Məcəlləsinin təhqir və böhtana görə, məsuliyyət nəzərdə tutan maddələrinə hər il azı bir dəfə dəyişiklik edilir. Halbuki Milli Məclisdən gözlənti fərqlidir - bu maddələrin ləğv edilməsi istənilir. Vaxtaşırı bu maddələrə dyişiklik əlavələrin edilməsi tənqidçilərdə, jurnalistlərdə xof yaratmağa xidmət edir. Sözügedən maddələri dəyişdirmək, zənginləşdirmək yox, ümumiyyətlə, ləğv etmək lazımdır. Hökumətimizin bununla bağlı müəyyən öhdəlikləri də var. Dəfələrlə diffamasiya ilə bağlı qanun layihələri də hazırlanıb, müzakirə edilib. Ancaq təəssüflər olsun ki, böhtan və təhqirə görə, cinayət məsuliyyəti nəzərdə tutan maddələr hələ də məcəllədə saxlanılır. Böhtan və təhqirə görə, cinayət məsuliyyəti ləğv edilməli, bu məsələlər mülki qaydada tənzimlənməlidir. Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında da bu tezis aydın şəkildə ifadə olunur ki, böhtan və təhqirə görə həbs cəzası olmaz”.

""Azərbaycan regionda yeganə ölkədir ki, diffamasiyaya görə həbs cəzası qalır və tez-tez tətbiq edilir"

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, əslində, bu gün ortaya atılan dəyişiklik 2011-ci ilə geri qayıtmadır: "Cinayət Məcəlləsinin "147 və 148, 148-1 və 323-cü maddələr diffamasiyasiyaya görə cəzaları müəyyən edir. Azərbaycan 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi sonuncu dəfə 10-cu maddə ilə bağlı "Eynulla Fətullayev Azərbaycana qarşı işində” qərar vermişdi ki, Azərbaycanda diffamasiyaya görə həbs Konvensiyada müəyən olunan ifadə azadlığının pozuntusudur və tətbiq olunmamalıdır. Bundan sonra Azərbaycan tərəfi centlmen öhdəlik götürmüşdü ki, bir daha diffamasiyaya görə həbsi tətbiq etməyəcək. Hətta prezidentin köməkçisi Əli Həsənov o zaman mətbuata bildirmişdi ki, biz artıq 2010-cu ildən sonra faktiki olaraq prezidentin göstərişi ilə məhkəmələrə tövsiyə etmişik ki, diffamasiyaya görə azadlıqdan məhrumetmə olmasın. Diffamasiya kimi dörd sanksiya mövcud idi: cərimə tətbiqi, islah işlərinə məhkum etmə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə. Amma Parlament diffamasiyaya görə cəzanı ləğv etmədi. Hətta 2011-ci ildə azadlıqdan məhrumetmədən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası bu maddələrdən çıxarıldı. Onunla əsaslandırıldı ki, ümumiyyətlə azadlığın məhdudlaşdırılması metodu bəlli deyil və hakimlər onun tətbiq edə bilmir. Əslində bu gün ortaya atılan dəyişiklik 2011-ci ilə geri qayıtmadır. Cinayət Məcəlləsindən çıxarılan azadlıqdan məhrumetmədən daha yüngül olan azadlığın məhdudlaşdırılmasını yenidən məcəlləyə salınır. Bu baxımdan qismən ümid etmək olar ki, gələcəkdə jurnalistlər və blogerlər – ifadə azadlığının daşıyıcıları bilavasitə ən ağır sanksiya olan azadlıqdan mərhumetmə cəzası əvəzinə daha yüngül sanksiyaya məruz qala biləcəklər. Amma bu günkü tendensiya göstərir ki, hakimlər birbaşa ən ağır sanksiyanı verirlər və həmin sanksiya da məcəllədə qalır. Əslində diffamasiyanın dekriminallaşması priotet idi. Həm Ermənistan, həm də Gürcüstan bunu dekriminallaşdırıb". 

"Azərbaycan regionda yeganə ölkədir ki, diffamasiyaya görə həbs cəzası qalır və tez-tez tətbiq edilir. Bu baxımdan bunu mütərəqqi bir addım kimi qiymətləndirmək olmaz. Məsələn məhkəmələr bu ilin Martında Mehman Hüseynova 2 il həbs cəzası verib onu cinayətkarlarla bir yerə göndəriblər. Halbuki daha yüngül iki sanksiyadan birini vermək olardı. Cərimə etmək və ya islah işlərinə cəlb etmək. İndi bu iki yüngül cəzadan daha ağırı olan azadlığın məhdudlaşdırılmasının Məcəlləyə yenidən qaytarılması ciddi bir praktiki dəyişikliyə səbəb olmayacaq. Çünki məhkəmələr ən ağır cəza olan azadlıqdan mərhumetməni tətbiq etməkdə daha maraqlıdırlar və həmin sanksiya məcəllədə öz yerində qalacaq”, - hüquqşünas deyib.

Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. 

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.///Toplum.Tv