Azərbaycan sərhəddə saxlanılan iranlı sürücüləri geri qaytarıb

Azərbaycan sərhəddə saxlanılan iranlı sürücüləri geri qaytarıb

21-10-2021 12:19 / Bu xəbər 561 dəfə oxundu

Onların qaçaqmalçılıq yolu ilə keçdiyi bildirilirdi

İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Bu barədə Azərbaycan Gömrük Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, adıçəkilən şəxslər mallarını sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiblər: "Onlar habelə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılıblar".

Dövlət Gömrük Komitəsi "Mehr" agentliyinin iranlı sürücülərin buraxılması haqqında oktyabrın 13-də yaydığı məlumatı təkzib edərək onlar barəsində cinayət işi açıldığını bildirmişdi: "İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə ediblər. Onlar Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiblər. Habelə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqı aparılır".

Ermənistan mediası sentyabrın 14-də Azərbaycan polisinin sement daşıyan iki iranlı sürücünün saxlanıldığı haqqında məlumat yaymışdı.

Bir gün sonra Azərbaycan Daxili İşlər Nazirliyi sürücülər barəsində qanunlara uyğun müvafiq tədbirlər görüləcəyini qeyd etdi.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov onların qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olduğunu demişdi: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Oktyabrın 20-də isə İran İslam Respublikası özəl şirkətlərin yük avtomobillərinin Dağlıq Qarabağ və Laçın bölgələrinə səfərini qadağan edib.