Azərbaycan sərhəddi açmayınca Gürcüstana quru yolla getmək mümkün olmayacaq

Azərbaycan sərhəddi açmayınca Gürcüstana quru yolla getmək mümkün olmayacaq

27-05-2021 18:13 / Bu xəbər 1528 dəfə oxundu

"Gürcüstan-Azərbaycan sərhəddi hələ ki birtərəfli açılır”

Gürcüstan Respublikası iyunun 1-dən quru sərhədlərini açmaq qərarı verib. Bu ölkənin Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə quru sərhəddi var.

Hələlik bu 4 ölkədən heç biri Gürcüstanın bu qərarına münasibət bildirməyib, yəni qərarın qarşılıqlı olub-olmaması hələlik məlum deyil.

Azərbaycan isə 1 ildən artıqdır ki, xarici ölkə vətəndaşlarının turistik səfərlərinə bağlıdır. Xarici ölkə vətəndaşları yalnız xüsusi hallarda Azərbaycana səfər edə bilərlər.

Bunlar akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrdir.

Gürcüstanın quru sərhədlərini açması isə Azərbaycan cəmiyyətində bu proseslə bağlı çoxsaylı suallar yaradıb.

Azərbaycandan Gürcüstana getmək mümkün olacaqmı? Yaxud əksinə, Gürcüstandan gəlmək mümkün olacaq, amma Azərbaycandan getmək olmayacaq?

Səyahət blogeri Azər İsmayıl posesin Azərbaycanla bağlı hissəsi barədə izah verib: "İndiki şərtlərə görə Gürcüstan vətəndaşlarının Azərbaycana gəlməsi məsələsi avtomatik olaraq mümkün deyil”.

Bəs Azərbaycan vərəndaşları Qazaxda yerləşən "Sınıq Körpü” və Ağstafada olan "Sadıxlı” sərhəd keçid məntəqələrindən Gürcüstana və ya geriyə Azərbaycana keçə biləcəklərmi?

Azər İsmayıl

Azər İsmayıl deyir ki, bu haqda hələ ki nə Dövlət Sərhəd Xidməti, nə Dövlət Gömrük Komitəsi, nə də Operativ Qərargah açıqlama verib: "Yəni Gürcüstan quru sərhədini açması bəs deyil, səyahət üçün Azərbaycan tərəfi də sərhədini açmalıdır ki, keçid təmin olunsun. Əks halda, mümkün olmayacaq”.

Bloger düşünür ki, Azərbaycanın quru sərhədlərini açma ehtimalı var, amma istənilən halda, rəsmi məlumat yayılmayınca, insanlar sərhəddin açılacağına güvənib, indidən Gürcüstanla bağlı planlar qurmamalıdır: "Məlumatı bütün xəbər saytları tirajladı, amma müvafiq qurumlardan Azərbaycanın hansı addım atacağını soruşan olmadı”.

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Azərbaycan tərəfin quru yolu nə vaxt açacağı ilə bağlı onlarda məlumat yoxdur.

Hər iki qurum bu haqda Nazirlər Kabineti ilə əlaqə saxlamağı məsləhət görüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə bu barədə məlumat almaq mümkün olmayıb.

Hazırda Gürcüstana Azərbaycandan yalnız hava yolu ilə getmək mümkündür.

Bakıdan Tbilisiyə həftədə 2 dəfə reys var. Qiymətlər isə 1 ay öncədən alındığında yük çəkisinə uyğun olaraq 115-156 manat civarındadır.

Gürcüstan 2021-ci il fevralın 1-dən qapılarını turistlərin üzünə açıb.

İstənilən ölkədən Gürcüstana hava yolu ilə getmək mümkündür. Bəzi ölkə vətəndaşlarından sadəcə son 48 saat içində verilmiş PCR testi tələb edilir.

Şərtlərdən biri də həmin turistlər Gürcüstana gələndən sonrakı 72 saat ərzində öz hesablarına ikinci dəfə PCR testi verməlidir.

Bəzi ölkələrdən gələnlərdən isə 10 gün karantində qalmaq tələb edilir. Quru sərhədindən gələnlər üçün də qayda eynidir. Gürcüstan Dövlət Qurumlarıarası Koordinasiya Şurası bildirib ki, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq sığortasının olması tövsiyə edilir. Bu şərt Azərbaycana aid deyil.

Fevralın 1-dən Gürcüstanda koronavirusa yoluxmada böyük fərq olmayıb. Odur ki, 4 ay sonra quru sərhədlərini açmaq qərarı verib.///Meydan tv