Azərbaycan teleməkanı: "Pul ver, efirə çıx" ittihamı

Azərbaycan teleməkanı:

05-05-2022 19:17 / Bu xəbər 2885 dəfə oxundu

Ayxan Məmmədlinin Elgiz Əkbərin, Xoşqədəm Hidayətqızının aparıcı olduğu proqramlara çıxmağa kömək məqsədilə də pul aldığı bildirilir

ARB telekanalının müxbiri olmuş Ayxan Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq ittihamıyla mühakimə olunur. 

Xəbəri Meydan TV yayıb. 

Bildirilir ki, o, 11 nəfəri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan güzəştli şərtlərlə ev, tibb sertifikatı almağa, ARB telekanalında Elgiz Əkbərin Xoşqədəm Hidayətqızının aparıcı olduğu proqramlara çıxmağa kömək etmək adıyla aldadıb, onların pulunu ələ keçirməkdə ittiham olunur.

Ayxan Məmmədli məhkəmədə ifadəsində bildirib ki, özünü qismən təqsirli sayır. 

Deyir ki, pula ehtiyacı olduğuna görə belə bir iş tutub. 

Onun sözlərinə görə, adamlardan pul alsa da, heç kimin pulunu mənimsəmək niyyəti olmayıb: "Ona görə də birindən pulu alıb, o birinə vermişəm. Özü də eləsi var, 10-15 faizlə götürmüşəm, bir başqasınınkını qaytarmışam”.

Təqsirləndirilən şəxs vurğulayıb ki, əksər şəxslərin pulunu qaytarıb, çox az adamın pulu qalıb.

Onun Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin adından istifadə edib, pul alması haqda iddialara gəlincə, cinayət işinin materiallarında yazılıb ki, bu məsələnin üstü zərərçəkmişlərin telekanala zəngindən sonra açılıb. 

Onlar adları çəkilən aparıcılara zəng edərək, onların adından pul alındığını bildiriblər.

Zərərçəkmiş kimi dindirilən Gülşən Seyidova ifadəsində deyib ki, onun daun sindromlu nəvəsi var. 

Ayxan Məmmədli ona deyib ki, nəvəsinin başqa ölkədə müalicəsi üçün Xoşqədəm Hidayətqızı kömək edə bilər. Buna görə 3000 manat pul alınıb. Üstündən xeyli vaxt keçsə də, bu məsələdən xəbər çıxmayıb.

Məhkəmədə dindirilən Gülşən Seyidova pulunun geri qaytarılmasını tələb edib.

Məhkəmədə o da məlum olub ki, Xoşqədəm Hidayətqızı da bu cinayət işiylə əlaqədar istintaqda dindirilib.

Ayxan Məmmədli isə aparıcıların adından istifadə ilə bağlı ittihamları qəbul etməyib. Onun bu cavabından sonra prokuror Xoşqədəm Hidayətqızının dindirildiyini məhkəmədə açıqlayıb.

Əvvəllər "Xəzər” telekanalında çalışmış Ayxan Məmmədli ARB-də Elgiz Əkbərin aparıcısı olduğu proqramın müxbiri idi.