Azərbaycan: tərəqqi ilə tənəzzül arasında

Azərbaycan: tərəqqi ilə tənəzzül arasında

17-08-2024 14:49 / Bu xəbər 906 dəfə oxundu


Natiq Cavadlı

Cəmiyyət olaraq ölmüşük, ictimai qınaq nədir, ictimai rəy də yoxdur

Son vaxtlar Azərbaycan deyəndə ağıla ilk siyasi həbslər, işgəncələr, mediaya və siyasi fəallara təzyiqlər gəlir. Daha doğrusu, bütün bunlar adiləşib və ölkə insanı üçün gündəlik həyat, hakimiyyət üçün idarəetmə tərzinə çevrilib.

Bütün sosial şöbəkələrdən bədbinlik yağır, hansısa bir gündə neqativ bir xəbərin yayılmaması təəccüb doğurur, halbuki sivil ölkə və cəmiyyətlərdə əksinə olur…

4 ildir ki, sərhədləri bağlı və qapalı Azərbaycanda baş verənlər ölkə hüdudlarından kənarda da müzakirə edilir, xarici medianın aktual mövzularından birinə çevrilir.

Bu arada "The Guardian” nəşri britaniyalı deputatların İlham Əliyevə məktubunu yayıblar. Onlar London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin doktoru, iqtisadçı Qubad İbadoğlunun azad edilməsini tələb edirlər. Məktubda "COP 29” da xatırlanır: "Əgər Azərbaycan builki iqlim konfransını həqiqətən sülh əməli edəcəksə, hökumət Qubad İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməli və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir”.

200 ildən (1821-ci il) çox tarixi olan "The Guardian” nəinki hər həftə, yaxud hər ay, heç hər il də Azərbaycandan yazmırdı, amma indi tez-tez yazır, yazanda da belə…

Ümumiyyətlə, "The Guardian” nəşr olunanda Cənubi Qafqaz tam olaraq Rusiyanın nəzarətində də deyildi, indisə coğrafiyada mənzərə fərqlidir…

Son illər nəşrdə Azərbaycanın adı korrupsiya ölkəsi kimi də hallanır. Məsələn, "Azerbaijani laundromat”, yaxud Hacıyevlərin, Əliyevlərin, Feyziyevlərin London mülkləri…

Bütün bunlar Azərbaycanda mövcud idarəetmənin beynəlxalq aləmdə ölkə ilə bağlı yaratdığı fon, acı reallıqdır…

Qayıdaq, deputatların müraciətinə. Bəli, Qubad bəy azadlıqdadır. Ancaq onun üzərində ittihamlar qalır, yəni polis nəzarətindədir, nəinki ölkədən, yaşadığı şəhərdən belə kənara çıxa bilmir.

Amma Azərbaycanda məhbuslar da var ki, onlar heç həbsxanada normal belə qidalana bilmirlər. Məsələn, Famil Xəlilov. Əlləri iflic olan bu adamı narkotik ittihamı ilə həbs ediblər. Məhz hakimiyyəti tənqid etdiyinə görə…

Burada ziddiyyət bilirsiniz nədədir? Məsələn, I qrup əlil dediyi sözə görə həbsdə olsa da, Cinayət Məcəlləsinin ən qabarıq maddələrilə – 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-lə (vəzifə saxtakarlığı) ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyev azadlıqdadır.

Yaxud Naxçıvan gömrüyündə milyonları mənimsəyənlər istintaq dövründə azadlıqda gəzirlər. Onlardan biri AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Sanki demək istəyirlər ki, o, hakimiyyətin qayğısı altında olan akademikin oğludur, talaya da bilər, dağıda da…

Belə misallardan çox çəkmək olar.

"Səid Dadaşbəyli işi”ndə də ağlamalı məqamlar az deyildi. MTN-nin irəli sürdüyü maddələrdən biri belə idi ki, guya bu gənclər İlham Əliyevi devirib, sonra müdafiə naziri Səfər Əbiyev hakimiyyəti onlardan alıb və yenidən qaytarıb Əliyevə. Bu gənclər həm vəhhabi, həm radikal şiə, həm mason, həm də… ardını cinayət işindən tapmaq olar. Yəni tam absurd iddialar…

Yeri gəlmişkən, Famil Xəlilovun ittihamı 2007-ci ildə həbs olunan bir jurnalistin məhkəmədə dediklərini xatırlatdı: MTN-nun ittihamlarından biri belə idi ki, guya yazdığı məqalə "əhalini həyacanlandırıb…”

Jurnalist də məhkəmədə demişdi ki, qəzetin "paşşivkası”nı gətirin, yazılarımdan 10 ittiham çıxarım, lakin bu ittihamı kənara qoyun, dünyanı bizə güldürməyin, Avropa Məhkəməsinin sualları hökuməti birtəhər edəcək…

İttiham da ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarovun şikayəti əsasında verilmişdi. Bilirsiniz hansı Elmar Məmmədyarov? ABŞ-da 4 milyona ev alanda XİN bunu "nazirin şəxsi” adlandırmışdı…

Gülməlidir? Yox, deyil…

"Səid Dadaşbəyli işi”ndə də ağlamalı məqamlar az deyildi. MTN-nin irəli sürdüyü maddələrdən biri belə idi ki, guya bu gənclər İlham Əliyevi devirib, sonra müdafiə naziri Səfər Əbiyev hakimiyyəti onlardan alıb və yenidən qaytarıb Əliyevə. Bu gənclər həm vəhhabi, həm radikal şiə, həm mason, həm də… ardını cinayət işindən tapmaq olar. Yəni tam absurd iddialar…

Qayıdaq məhbuslarımıza. Ələsgər Məmmədlinin səhhətinin ağır olması barədə az qala hər həftə həyacanlı xəbərlər alırıq. Azərbaycan həbsxanalarında 20 jurnalist var, üçü xanımdır – Sevinc, Nərgiz və Elnarə. Düzdür, hüquq müdafiəçiləri hər gün onlar barəsində danışır, yazır, lakin səslərini neft-qaz yataqları elə boğur ki, Biləcəridən o tərəfdə az eşidilir. Necə ki Sovet dövləti xarici radiostansiyaları boğurdu…

Bəlkə elə, ona görə də indiyə qədər britaniyalı deputatlar onlar haqqında susub, niyəsini dəqiq bilmirəm. Ancaq onu bilirəm ki, Azərbaycanın ictimai-siyasi sektoru bərbad gündədir, dar maraqlar indiki mənzərəni yaradıb. Nəticədə cəmiyyət olaraq ölmüşük, ictimai qınaq nədir, ictimai rəy də yoxdur. Belə cəmiyyəti hakimiyyət çox rahat şəkildə primitiv mövzularla idarə edirsə, burada dərindən düşünüb nəsə axtarmağa ehtiyac da qalmır…

Mən bədbin deyiləm, zaman çay kimi axır və tarixin gedişatını da dayandırmaq heç vaxt mümkün olmayıb. Bu axın belə rejimləri az görməyib, onları arxivinə də göndərib. Ancaq biz tarixə də baxıb ayıla bilmirik.

Sabir demişkən:
Hər millət еdir səfhеyi-dünyadə tərəqqi,
Еylər hərə bir mənzili-məvadə tərəqqi,
Yоrğan-döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də еdərik aləmi-röyadə tərəqqi…

Dünyaya bir az uzaqdan baxanda ortada bir uçurum görünür: o üzündə tərəqqi var, bu üzündə tənəzzül…

Biz isə tənəzzüllə tərəqqi arasındakı uçurumda qalanlardanıq.

Bu uçurumdan tərəqqiyə cəhd etməyənlər xilas ola bilməyəcəklər.

Gəlin xilas olmaq üçün cəhd edək!

Meydan TV