Azərbaycan üzrə ən çox problemli kredit hansı rayonundadır?

Azərbaycan üzrə ən çox problemli kredit hansı rayonundadır?

06-09-2021 16:08 / Bu xəbər 2133 dəfə oxundu

Problemli kreditlərin həcminin artdığı bildirilir

Ən son açıqlanan statistikaya görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 937.5 milyon manatdır.

Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Bildirir ki, rəqəmlər bu il avqustun 1-dək olan nəticələrdən alınıb. Bu, təkcə bir ay öncəki vəziyyətlə müqayisədə 2,5 faiz çoxdur.

Məlumatda bildirilir ki, problemli kreditlər həmçinin, ilin əvvəli ilə müqayisədə də 5 faiz artıb: "Son 1 ildə isə 11,8 faiz azalıb. İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1 faiz olub. Bu nisbət ötən ilin sonuna da 6,1 faiz, ötən il iyunun sonuna isə 7,3 faiz təşkil edib”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi sürətlə artır. Son 1 aydakı 2,5 faiz kifayət qədər böyük rəqəmdir: "Hələ ümumi kredit portfelinin 6,1 faizinin problemli kreditlərdir və dünyada bu baxımdan kritik hədd 3 faizdir. Bizdə bu həddi artıq 2 dəfədən çox keçilib”.

İqtisadçı bildirir ki, Azərbaycan üzrə ən çox problemli kredit Gədəbəy rayonundadır. Ümumi kredit portfelinin 14,4 faizi problemlidir. Bakı şəhəri üzrə isə bu göstərici 6,4 faiz təşkil edir: "Vətəndaşlar da, biznes də götürdüyü krediti qaytarmaqda çətinlik çəkir. Çünki son 1,5 il pandemiya dövründə hökumət kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul etmədi. Üstəlik, işsizlik və nominal gəlirlər azaldı. Nəticədə kiçik-orta biznes zəiflədi”.

Natiq Cəfərli bildirir ki, həmçinin yüksək faizlər də problemli kreditlərin artmasının əsas səbəbidir: "Maraqla bir məqam da var: ölkə üzrə ən az problemli kredit Naxçıvandadır. Sədərək rayonuda 1, Şərurda isə 0,8 faiz olub. Məncə, əsas səbəb odur ki, Naxçıvanda kreditlərin əksəriyyətini Vasif müəllimin yaxınlarına məxsus olan "NaxçıvanBank” verir. Belə olan halda, borc götürənlər məcbur qalıb onu qaytarmağa”.

Natiq Cəfərli

Azərbaycanın bank sektoru 2020-ci ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vurub. Eyni zamanda, ötən ilin sonunda problemli kreditlərin həcmi 893 milyon manat olub.

2021-ci ildən həmin məbləğ daha da artmağa başlayıb. Bu il aprelin 1-də Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918.2 milyon manat olub. Mərkəzi Bankın məlumatına görə, bu, son bir ayda 0.1 faiz artım deməkdir. Qurum habelə bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 33.8, ilin əvvəlindən isə 2.8 faiz artıb. Buna səbəb kimi milli valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94 faiz artmaqla 575.7 milyon manata yüksəlməsi göstərilir.

Martın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6.2 faiz təşkil edib. Prezident İlham Əliyevin 2019-cu ilin fevralında fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərmanı onun azalmasına səbəb olmuşdu.

Həmin fərmanla 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan (manat iki dəfə dəyər itirdi) sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi. Onda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verildiyi açıqlandı.

Beləliklə, 2019-cu ilin sonuna ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273.1 milyon manata qədər azalmışdı. Bu məbləğ devalvasiyalardan sonra 1.8 milyard manata qədər yüksəlmişdi.///Meydan TV