Azərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan edildi

Azərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan edildi

17-10-2020 23:18 / Bu xəbər 1188 dəfə oxundu

Atəşkəsin Minsk Qrupunun bəyanatına uyğun qəbul edildiyi bildirilir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefonla danışıb. 

Oktyabrın 17-də baş tutan telefon danışığında Qarabağdakı son vəziyyət müzakirə edilib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Lavrov həm Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı, həm də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu Moskva razılaşmasına əməl etməyə çağırıb.

"Rusiya XİN rəhbəri tərəflərin humanitar məqsədlər üçün atəşkəsə dair Moskva razılaşmalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb", - xəbərdə deyilir.

Bundan sonra Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

"Bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiya Prezidentlərinin 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 10 oktyabr Moskva bəyanatına uyğun olaraq qəbul edilib”, - bəyanatda deyilir. 

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.