"Azərbaycan xalqı və müxalifət" düsturu...

14-07-2022 15:13 / Bu xəbər 951 dəfə oxundu

Qənimət Zahid

Yaxud niyə daha diri oynamırsınız?

Mühüm hesab etdiyim bir məsələ ilə bağlı mülahizələrimi bölüşmək istəyirəm.

Bu, Azərbaycanda müxalifət, onun rolu və missiyası ilə bağlıdır. 

Bu problem tez-tez müzakirə edilir, hətta gündəmdə daha ciddi məsələlərin olduğu zamanlarda, ictimai müzakirələrin səmtini dəyişmək üçün sui-istifadə də edilir. Təəssüf ki, bir çoxları özləri də bilmədən bu tələyə düşürlər, müzakirələrin yanlış və primitiv şüur üçün cəlbedici olan arqumentlərindən yapışıb hərəkət edirlər.

Ümumiyyətlə, bu problemə hakimiyyət və müxalifət prizmasından nəzəri məsələ kimi yanaşa bilmərik. Çünki Azərbaycan fərqli ölkədir, belə özünəməxsus fərqlərin olduğu ölkələrin sayı o qədər də çox deyil. Konkretləşdirmək də olar. 

Azərbaycan bu dünyada azad olmayan ölkələrin siyahısındadır, həm də ta 2005- ci ildən bəri bu mövqeləri "şərəflə" qoruyub saxlayır. Yəni Azərbaycan tam 17 ildir ki, azad olmayan ölkələrin sırasındadır. Hesablamaq çətin deyil ki, bu müddət ərzində avtoritarizm nə qədər dərinliklərə işləyə bilib. 

O cümlədən:
- azad mətbuat tamamilə sıradan çıxarılıb;
- qeyri-hökumət təşkilatları şəbəkəsi məhv edilib;
- siyasi partiyalar peşəkar və alternativ siyasi fəaliyyət mərkəzi olmaq imkanlarından məhrum edilib;
- siyasi fəaliyyət müstəvisi yox olmaq həddinə qədər sıxışdırılıb;
- milli elitanın formalaşması prosesi dayandırılıb və geriyə proses başladılıb.

Bütün bunları həyata keçirmək üçün fasiləsiz olaraq repressiyalar həyata keçirilib; korrupsiya misli görünməmiş səviyyələrə qədər dərinləşdirilib, seçki institutu tamamilə məhv edilib; müstəsna səlahiyyətlər verilmiş polisin zəhmi ilə ictimai idarəçilik prinsipləri tamamilə rədd edilib; iqtisadi azadlıqlar monopoliyaların cənginə verilərək boğulub və sairə...

Yəni günümüzün siyasi fəaliyyət üçün  mənzərəsi budur. Azərbaycan hakimiyyəti bu müstəvinin nəzarətçisidir, Azərbaycan müxalifəti isə bu müstəvidə yeni qaydaların tətbiq edilməsi, bu müstəvinin tamamilə dəyişdirilməsi üçün davamlı olaraq bütün imkanlarını səfərbər etməlidir. Azərbaycanda hakimiyyətin hansı imkanlarının olduğunu bilirik. 

Bəs müxalifətin hansı imkanları var?

- Maddi resurslar yoxdur;
- repressiyaların şiddətini azaltmaq üçün fiziki- siyasi təsir imkanları yoxdur;
- vətəndaş təşəbbüslərini siyasi müstəviyə daşımaq imkanları yoxdur, çünki belə təşəbbüslərin özü yoxdur;
- texniki imkanları yoxdur: buraya qərargahlar da daxil olmaqla, təşkilati fəaliyyət üçün zəruri olan bütün başqa texniki vasitələr daxildir;
- arsenalında yalnız dinc- demokratik vasitələrin olduqca məhdud resursları var və sairə.

Azərbaycan müxalifətinin missiyası nədir:

1. Ölkədə alternativ siyasi mülahizələrlə mərkəzləşmiş və strukturlaşmış təşkilat quruluşunu saxlamaq.

Bunu bacarırmı? 30 ildir sərt avtoritar rejimin, 17 ildir ki, beynəlxalq səviyyədə də azad olmayan sistem kimi tanınan idarəçilik üsulunun davamlı basqısı altında öz təşkilati strukturunu qoruyub saxlamağı bacarıbsa, əhalinin aktiv narazı kəsimi üçün ("aktiv narazı kəsim"!) cəlbedici alternativ kimi görünməkdədirsə, deməli missiyanın əhəmiyyətini dərk edir və onu davam etdirir. 

Müxalifətin missiyası onun elan etdiyi mahiyyət üzrə formalaşır. Azərbaycan müxalifəti dinc və demokratik mübarizə üsulunu seçdiyini bəyan edirsə, deməli onun missiyası da budur: demokratiyanın, insan hüquq və azadlıqlarının vaz keçilməz dəyər olduğunu, bu dəyərləri qəbul edənlərin, bu dəyərlər uğrunda mübarizə aparmaq istəyənlərin öz bayrağı altında birləşdirilməsinə hazır olması missiyadır, bu missiya davam edir. 

Azərbaycan müxalifəti öz fəaliyyət və mövcudluq düsturlarına görə indiki hakimiyyətin tətbiq etdiyi idarəetmə üsuluna alternativ olan ideoloji dəyərləri təqdim edir və bu ideologiyanı təslim etmir. Bu, missiyadır.

2. Müxalifətin vəzifələri

Azərbaycan azad olmayan ölkədir və buna uyğun da ictimai palitrası var. İctimai şüur azadlıqların olmamasına vərdiş edəndə, azadlıqları mövcudluğun əsas şərti kimi qəbul etməyəndə avtoritarizmin təntənəsi başlayır. Heç bir diktator azadlıqları yalnız repressiyalarla və polis gücü hesabına boğub məhv edə bilməz. Bunun üçün ona ictimai rəy də lazımdır. Ram edilmiş ictimai iradə gərəkdir. Azərbaycan hakimiyyəti də bunu tədricən davam etdirdiyi basqıçı və şirnikləndirici siyasəti ilə bacarıb. Azərbaycanda müxalifətin vəzifəsi cəmiyyətin sabit ideyalı, cəsur və demokratik düşüncəli üzvlərini səfərbər etməkdir. Öz sıralarının genişlənməsinə nail olmaqdır. Azad olmayan sistemlərdə müxalifət partiyasının əsas vəzifəsi özünü qoruyub saxlamağı bacarmaqdır. Bu, öz təhlükəsizliyini təmin etmək anlamında deyil, cəmiyyət üçün alternativ siyasi ünvanın varlığını qoruyub saxlamaq iddiasıdır. Bunun üçün çox böyük itkilər – məhrumiyyətlər yaşanır, amma bu, olduqca vacib vəzifədir. 

Müxalifətin əsas vəzifəsi xalqı zorakılığa qarşı etirazların, azadlıq tələblərinin hər zaman aktual olduğuna inandırmaqdır və bunu mütləq şəxsi nümunələri ilə etməlidirlər. 

3. Müxalifətin öhdəlikləri

Müxalifətin xalq qarşısında öhdəliyi varmı? Çox qəribə görünə bilər, amma Azərbaycan müxalifətinin xalq qarşısında heç bir hüquqi və siyasi öhdəliyi yoxdur. Normal ölkələrdə hökuməti də, müxalifəti də xalq səsvermə qaydasında müəyyən edir. Xalqın çoxluğunun səs verdiyi hökumətin özünə görə öhdəlikləri yaranır, azlığın səsini qazanan müxalifətin də öz öhdəlikləri yaranır. Azərbaycanda belə bir şərt yoxdur. Yəni, nə hökumət seçicilərdən səs aldığına görə hökumətdir, nə də müxalifət daha az səs aldığına görə müxalifətdir. Yalnız Azərbaycanda yox, azad olmayan ölkələrin hamısında bu düstur keçərlidir: müxalifətin xalq qarşısında öhdəlikləri yoxdur. Çünki, siyasi mübarizə, siyasi proseslər əhalinin daha yaxşı yaşaması, daha çox imtiyazlarının, daha yüksək rifah göstəricilərinin əldə edilməsi üçün yox, ibtidai azadlıqların təmin edilməsi üçündür. Avtoritarizm legitim hakimiyyət deyil, hüquqi və siyasi əsası olmayan hakimiyyət deməkdir. Bu sistemin dəyişməsini ictimai iradə həll edir. İctimai iradənin formalaşması üçün müxalifət örnək verir: etiraz edərək yaşamağın mümkünlüyünü göstərməklə...

Azad olmayan ölkələrin heç birində müxalifətin xalq qarşısında siyasi və ya hüquqi öhdəlikləri yoxdur, onun yeganə öhdəliyi mənəvi öhdəlikdir. Yəni mən yerimdəyəm, bütün təzyiqlərə, repressiyalara, məhrumiyyətlərə baxmayaraq başqa cür düşünməyin nə qədər önəmli olduğunu da göstərirəm. Diqqətə alın: siyasi fəaliyyətdən gedən, yaxud hökumətin şirnikləndirmə siyasətinə təslim olaraq müxalifətçilikdən imtina edənlərin hamısına həmin mənəvi öhdəliyi təslim etmişlər kimi yanaşırlar. 

Müxalifət və xalq müqayisəsi varmı?

Bəlkə, bu bəndi daha əvvələ atmalı idim, amma indi də gec deyil. Azad olmayan ölkələrdə müxalifət və xalq düsturunu səsləndirə bilməzsiz, buna haqqınız və əsasınız yoxdur. Çünki müxalifət xalqın özünün  etiraz potensialıdır, aktiv narazılıq potensialıdır, praktik siyasi potensialıdır. Bu cür ölkələrdə müxalifətin gücünün miqyası xalqın cəsarətlinin və açıq etiraz iradəsinin ölçüsü kimi qavranılır. 

Bu arqumenti çox zaman da xaricdə olanlar səsləndirirlər. Anlayışlı yanaşmaq olarmı? Olar. Öz ölkəsinə gedə bilməyən, ölkəsindən məhrum edilmiş adamlar mənəvi işgəncə çəkirlər, davamlı mənəvi işgəncələr insanlarda aşırı pessimizm və ya hətta aqressivlik də yarada bilər. Əgər sizin əinizdən məsələn, sürdüyünüz avtomobili, yaşadığınız evi, torpaq sahənizi, qolunuzdakı saatı (Bunu Rövnəqə görə demirəm, o başqa situasiyadır) alsalar, əlbəttə qəzəblənərsiz, nəsə etməyə çalışarsız. Mütləq də "nəsə edərsiniz" demirəm, nəsə etməyə çalışarsınız deyirəm. Amma ölkəsi əlindən alınmış adamlar daha çox depressiyaya düşə bilirlər və daha aqressiv ola bilirlər. Təsəvvürlər və qənaətlər də buna uyğun olaraq əyri ola bilir. 

"Orda müxalifət var, onlar xalqı səfərbər etmək üçün əllərindən gələni etmirlər" kimi yanlış təsəvvürlər üzərində yanlış ünvana yönələn aqressiyanı bu baxımdan anlaşıqlı qarşılamaq olar. Amma təkrar edirəm, azad olmayan bütün ölkələrdə müxalifət xalqın etiraz potensialıdır. Azad ölkələrdə fərqlidirmi, axı hər yerdə müxalifət hökumətə qarşı olur, onu dəyişməyə çalışan insanların biriliyi kimi fəaliyyət göstərir? Bu da yanlış qənaətdir. Azad ölkələrdə xalqın etiraz potensialı bütünlükdə sistemi dəyişmək üçün tələb olunan etiraz effektlərindən ibarət deyil, sosial və ya siyasi həyatın ayrı- ayrı sahələrini, detallarını korrektə etmək üçün də sərf edilir. Azad olmayan ölkələrdə isə etiraz potensialı məhduddur, buna görə də həmin ölkələr azad ola bilmir, amma bu potensialı böyütmək mümkündür. 

Azadlıqlar üçün milli potensialı necə artırmaq olar və o gücü hardan tapmalı?

Hələ 2005- ci ildən başlayaraq (yeri gəlmişkən, Azərbaycan məhz, 2005- ci ildən başlayaraq azad olmayan ölkələrin siyahısına daxil edilib) bizim ölkəmizdə hakimiyyətin ideoloji- siyasi təxribat laboratoriyasından- onun başında dayanan Ramiz Mehdiyevin diqtəsi ilə belə tezislər ortalığa atılmışdı: müxalifət dəyişməlidir, yeni müxalifət yaranmalıdır. Bunu hələ indi də yanlış təsəvvürlərin girdabında əziyyət çəkən bəzi sadəlövh həmvətənlərimiz (və ya məkrli polittexnoloqlar) dövriyyədə saxlamağa çalışırlar. Hökumət özü üçün yeni müxalifət düşərgəsi yaradandan sonra bu tezisin dövriyyədə olan məhsuldarlığı bir qədər azalıb. Amma hansı tərəfə çevirsən, xalqın etiraz potensialı bu cəmiyyətin bağrından süzülərək böyüməlidir. Bunun üçün passiv etiraza və ya pessimist aqressivliyə mübtəla olmuş həmvətənlərimiz bir qədər əziyyət çəkməlidirlər. 

Xalqın etiraz potensialı arta bilər...

Müxalifətin sıralarına qoşulmaq lazımdır, həm də kütləvi axınla qoşulmaq lazımdır. 10 nəfərlik bir qrupla 1000 nəfərlik qrupun ictimai iddiaları eyni deyil. Mən çoxlu sayda insanlar tanıyıram ki, onlar tam səmimi şəkiıdə narazıdırlar, amma müxalifətin sıralarına qoşulmamaq üçün hər birinin özünə yetəcək qədər səbəbi (bəhanəsi) var. Müxalifəti tənqid edənlərin, «xalq- müxalifət» düsturu üzərində baş sındıranların bir hissəi bu sektordadır. 

Müxalifətin üzləşdiyi, məruz qoyulduğu texniki məhrumiyyətlərin aradan qaldırılması üçün hər kəs əlindən gələni etmək haqqında düşünməlidir. 

Baxın, Ukraynada müharibə gedir, ruslar Ukrayna şəhərlərini bombalayır, amma bombardman qurtarandan az sonra orda təmir- bərpa işləri başlayır və bu bərpa işlərini aparanların özlərində də heç bir inam yoxdur ki, bir saat sonra yenidən borbardman olmayacaq. Azərbaycan üçün hamının bildiyi bir örnək verəcəm: Saleh Rüstəmli örnəyi. 

Siyasi proseslərdə görünməyən bir şəxs idi, amma siyasi dustaqlara yardım üçün özünün məhdud imkanlarından əlavə, tanıdığı – bildiyi adamların da imkanlarını səfərbər edirdi. Təbii, cəzalandırıldı, amma bu o demək deyil ki, xatalı fəaliyyət olduğuna görə bundan qorxmalıyıq, çəkinməliyik. 

Mən Azərbaycandakı siyasi dustaq ailələrinə yardımların necə dəhşətli əsəb- stress hesabına toplandığını bilirəm. Amma hətta bu da adekvat məbləğ deyil. Xüsusilə Azərbaycandan kənarda yaşayan azərbaycanlılar hər dəfə müxalifətə mitinq, kütləvi aksiyalar, qaynar siyasi proseslər sifariş verəndə də ilki növbədə gözümün qarşına bu gəlir: axı hansısa piket, aksiya, mitinq sistemi kökündən dəyişmir, bu ehtimal azdır, amma əvəzində siyasi dustaqların siyahısını xeyli böyüdür və bu ehtimal yüz faizlikdir. Bizim milli potensialımız bu itkilərin və zəruri xərclərin ödənilməsi üçün silkələnməyi özünün borcu sayırmı?

Aktiv toplumların, potensialına güvənən xalqların ölkənin daxilində mümkün deyilsə, ölkənin xaricində bir Demokratiya Fondu olmalıdır... və bu, yoxdur. 

Vətəndaşların məsuliyyəti

Mütləqdir. Yanlı eşitmədimsə, bu günlərdə siyasi aktivlik tələb edən bir mühacir xanımın "mən məsuliyyət daşımıram, sorğu verirəm" kimi bir iddiası qulağıma dəydi. Açığı təəccübləndim, sonra da düşündüm ki, məsuliyyət hissi olmayan adamlara bu qədər uzun izahat  yazmağa dəyərdimi? 

Ona görə də "müxalifət birləşməlidir, gedin birləşin, bir yerdə şəkil çəkdirin, çayxanaya gedib birlikdə çay için kimi" məsuliyyətsiz assosial sifarişləri şərh etmədim...

İnsan həyatının qəpik-quruşla hesablandığı ölkədə, heç olmasa, benzin iki və daha artıq manat olmalıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.