Azərbaycan Xəzərdə sərhədi pozan İrana məxsus qayığı saxlayıb
22-04-2024 18:03 / Bu xəbər 710 dəfə oxundu
Qayıqda 20 kiloqramdan artıq narkotik vasitənin aşkarlandığı deyilir
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizində Azərbaycan sərhədini pozan İrana məxsus qayığın saxlanıldığını bildirir.
Bu barədə aprelin 22-də DSX-nin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi də açılıb: "Sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib”.
DSX əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuananın aşkar olunaraq götürüldüyünü əlavə edib.