Azərbaycan XİN Paşinyanın iddialarına cavab verib

Azərbaycan XİN Paşinyanın iddialarına cavab verib

15-03-2023 17:40 / Bu xəbər 769 dəfə oxundu

Ayxan Hacızadə: "Ermənistan sülh sazişində maraqlı deyil”

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın 14 martda keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddialara cavab verib.

Paşinyan mətbuat konfransında bildirmişdi ki, Azərbaycan mümkün razılaşma yolu ilə Ermənistana ərazi iddiaları irəli sürməyə çalışır.

Ayxan Hacızadə isə bu iddiaları təkzib edir və deyir ki, Paşinya bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır: "Bunun əsasında anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir”.

Onun sözlərinə görə, Nikol Paşinyan azərbaycanlıların indiki Ermənistan ərazisindəki torpaqlarından zorla qovulması faktını inkar edir: "Bu isə Ermənistanın sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir. Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü siyasətin tərkib hissəsi olub”.

"Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın "insan hüquqları”na heç bir dəyər verməyən və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə məkrli siyasətinin göstəricisidir”, – deyə XİN rəsmisi əlavə edib.

Hacızadə qeyd edib ki, Paşinyanın "Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir: "Baş nazir növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışıb, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirib”.

Onun fikrincə, erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirə Azərbaycanın daxili işidir və kənar dövlətlərin bu məsələdə heç bir rolu yoxdur: "Ermənistanın bunlara məhəl qoymaması, onun "xalqların öz müqqədəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-ci illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan Baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz. Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək. İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır”.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan sülh sazişində maraqlı deyil: "Sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir. Baş nazirin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur. Hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır”.

Martın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, fevralın ortalarında sülh müqaviləsi layihəsi ilə bağlı təklifləri Bakıya göndəriblər: "İki-üç gün əvvəl Azərbaycandan layihə ilə bağlı cavab aldıq. Lakin eyni zamanda, fundamental problemlər də var. Birincisi, biz görürük ki, Azərbaycan sülh və münasibətlərin bərqərar olması ilə bağlı mümkün razılaşma yolu ilə Ermənistana ərazi iddiaları irəli sürməyə çalışır. Bizim üçün bunlar qırmızı xətlərdir”.

"Daha sonra görürük ki, bu mətnin təklifləri ilə Azərbaycan Dağlıq Qarabağda, o cümlədən Ermənistanın imzası ilə soyqırım və ya etnik təmizləmə aparmaq üçün mandat almağa çalışır. Bunlar da təbii ki, bizim üçün qırmızı xətlərdir”, – deyə Paşinyan qeyd edib.