Azərbaycan XİN vətəndaşları İrana getməməyə çağırdı

Azərbaycan XİN vətəndaşları İrana getməməyə çağırdı

31-01-2023 13:12 / Bu xəbər 803 dəfə oxundu

Nazirlik bunu səfirliyə basqın olayı ilə əlaqələndirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara İran İslam Respublikasına getməməyi tövsiyə edir.

Bu barədə nazirlik yanvarın 31-də Azərbaycan vətəndaşlarına müraciət edib.

"İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilən terror aktı nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkəyə səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur”, – deyə XİN qeyd edib.

Nazirlik yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olduğunu xatırladaraq əlavə edir ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə edir.

"İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur”, – deyə XİN bildirib.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib.

Həmçinin "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Yanvarın 29-dan Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, diplomatlar təxliyə olunub.