Azərbaycan yenə qeyri-azad ölkələr sırasında yer aldı
29-02-2024 18:41 / Bu xəbər 634 dəfə oxundu
"Freedom House” deyir ki, güc Əliyev və ailəsinin əlindədir
18 ildir ki, dünyada qlobal azadlıqlar davamlı geriləyir.
2023-cü ildə dünya əhalisinin beşdə birinin yaşadığı 52 ölkədə siyasi hüquqlar və mülki azadlıqların durumu pisləşib.
Bunu "Freedom House” beynəlxalq insan haqları təşkilatı fevralın 29-da açıqladığı hesabatda bildirir.
Hesabata görə, geriləmələr o qədər geniş yayılıb və ağır olub ki, 21 ölkədə qeydə alınan yaxşılaşmanı ötüb keçib.
Hesabat "Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri” adlanır.
Dünyada azadlıqların geriləməsinin əsas səbəbləri kimi seçkilərin manipulyasiyası, müharibələr, plüralizmə hücumlar göstərilir.
Hazırda dünya əhalisinin 38 faizə yaxınının azad olmayan, 42 faizinin qismən azad, cəmi 20 faizinin azad ölkələrdə yaşadığı bildirilir.
"Dünyada azadlıq” hesabatı vasitəsilə 210 ölkə və ərazidə insanların siyasi hüquq və vətəndaş azadlıqlarına çıxışı qiymətləndirilib.
Hesabatda Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayaraq qeyri-azad ölkələr sırasında yer alıb.
Azərbaycana aid bölmədə deyilir ki, avtoritar rejimdə güc hələ də 2003-cü ildən Prezident vəzifəsini icra edən İlham Əliyevin, onun qohumlarının və ailəsinin əlində cəmləşib.
Son illər ölkədə dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyəti üzərinə təzyiqlər güclənib.
Həmçinin qeyd olunur ki, Qarabağa nəzarətin bərpası Prezident İlham Əliyevin ölkədə populyarlığını gücləndirib və Ermənistana tammiqyaslı hücumla bağlı qorxuları artırıb.(Meydan TV)