Azərbaycana gələn Rusiya gəmisində “Z” işarəsi

Azərbaycana gələn Rusiya gəmisində “Z” işarəsi

05-08-2022 13:43 / Bu xəbər 1548 dəfə oxundu

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti Bakıya gəliblər.

Bu barədə bu gün, avqustun 5-də Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiyanın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku” müsabiqəsində iştirak edəcək.

Diqqətçəkən məqam odur ki, Rusiya hərbi gəmilərinin üzərində "Z" hərfi olub. 

Müdafiə Nazirliyinin yaydığı şəkillərdən də bu aydın görünür. 

Amma məsələ ictimailəşəndən sonra Müdafiə Nazirliyi "Z" hərfi olan gəminin şəklini rəsmi saytından çıxarıb.

"Z" - militarist simvolu Rusiyanın Ukraynada apardığı müharibənin simvolu sayılır. Simvol haqqında müxtəlif spekulyasiyalar var. 

Martın 3-də Rusiya Müdafiə Nazirliyi simvolun "Qələbə naminə" ( "за победу") mənasını verdiyini açıqlayıb. 

Bəzi ölkələrdə "Z" işğalçılıq simvolu hesab edildiyinə görə qadağan edilib.