Azərbaycana nə qədər sərmayə yatırılıb?

Azərbaycana nə qədər sərmayə yatırılıb?

15-03-2018 15:03 / Bu xəbər 2413 dəfə oxundu

Rəsmi rəqəmlər və bəyanatlar bir-birinə uyğun gəlmir

"Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq".

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev martın 15-də keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban rəsmi rəqəmlər və bəyanatlar əsasında ölkəyə nə qədər sərmayə yatırıldığını dəqiqləşdirmək istəyib. Məlum olub ki, verilən məlumatlar bir-birinə uyğun gəlmir.

- Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyev deyib:

"Ölkə iqtisadiyyatına 231 mlrd sərmayə qoyulub. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayələrin 93 faizi son 14 ildə qoyulmuşdur".

- İqtisadiyyat nazirinin müavini Sahil Babayev 2017-ci il oktyabrın 24-də Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib:

"1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd dollar həcmində investisiya qoyulub. Bunun 111 mlrd dollarını xarici investisiyalar təşkil edir”.

- 11 fevral 2016-cı ildə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib:

"Ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 mlrd dollar sərmayə qoyulub. Bunun 100 mlrd dolları xarici sərmayədir».