Azərbaycanda 31 nəfərdə "Delta" ştammı aşkarlandı

Azərbaycanda 31 nəfərdə

13-07-2021 18:29 / Bu xəbər 2333 dəfə oxundu

Azərbaycanda xaricdən gələn şəxslərdən alınmış nümunələrin 31-də koronavirusun B.1.617 (Delta) variantı aşkar olunub.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilir ki, araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də B.1.617 (Delta) variantı, 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar edilib.

Açıqlamada qeyd olunur ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır: "Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ona görə də bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq".

Qurumlar bəyan edib ki, bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaradıb: "SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur".