Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icra durumu

Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icra durumu

24-09-2024 16:42 / Bu xəbər 594 dəfə oxundu

Hüquqşünas vəziyyətin yaxşılaşdığını deyir

2024-cü ilin əvvəlinə olan göstəricilərlə müqayisədə Azərbaycanın Avropa İnsan Hüquqları  Məhkəməsinin (AİHM) qərarlarını icra etməsi ilə bağlı durumu yaxşılaşdırdığı bildirilir.

Bunu hüquqşünas Xalid Ağaliyev deyir.

O, fikirlərini əsaslandırmaq üçün Avropa Şurasının (AŞ) rəqəmlərindən misal gətirib: "2024-cü ilin əvvəlinə olan göstəricilərə görə, indiyə qədər icra proseduruna Azərbaycanla bağlı 469 qərar daxil olmuşdu. Həmin qərarların 148-nin icrasına nəzarət qapadılmışdı. Yəni bütün qərarların 25 faizi icra edilib, qərarların yerdə qalan 75 faizi isə icra edilməsini gözləyirdi. Bu göstərici, AŞ məkanına daxil olan ölkələr arasında ən aşağı göstərici idi. Sentyabr ayının ortalarına olan göstəricilərə görə, indiyədək icra proseduruna Azərbaycanla bağlı 497 qərar daxil olub. Həmin qərarların indiyə kimi 177-si icra edilib – qərarların icrasına nəzarət qapadılıb".

Xalid Ağaliyevin dediyinə görə, hazırda AİHM-in Azərbaycanla bağlı 320 qərarı icra edilməmiş qalır: "Yəni indiyədək elan edilmiş qərarların 36 faiz icra edilib, 64 faizi isə icra edilməsini gözləyir”.

Hüquqşünas hazırda AİHM qərarlarını ən pis icra edən ölkənin AŞ-dan xaric edilmiş Rusiya olduğunu vurğulayıb: "Şimal qonşu AİHM-in qərarlarının 68 faizini icra etməyib”.

Xalid Ağaliyev daha sonra qeyd edib ki, Albaniya AİHM qərarlarının 51, Gürcüstan 45, Malta 43, Ukrayna 37, Ermənistan 34 faizini icra etməyib: "AİHM-in Türkiyə ilə bağlı qərarlarının cəmi 10 faizinin icrası problemlidir”.

"Andorra və Lixtenşteyn AİHM-in bütün qərarlarını icra edib. İsveç, Sloveniya ilə bağlı qərarların 1, Avstriya, İslandiya və Böyük Britaniya ilə bağlı qərarların isə 2 faizinin icrası problemlidir”, – deyə hüquqşünas fikrini yekunlaşdırıb.