Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi

02-03-2020 16:31 / Bu xəbər 1171 dəfə oxundu

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti rəsmi açıqlama yayıb. 

Açıqlamada qeyd edilib ki, Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır. 
 
Xatırladaq ki, 1 həftə öncə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu dərslərin dayandırılmaslı ilə bağlı  Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edib. 

ADR sədri martın 1-də ictimaiyyətə müraciət edərək bu petisiyaya qoşulmağa çağırıb. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Toplum.Tv-yə bildirib ki, bununla bağlı artıq təhsil müəssisələrinə də məlumat verilib. O deyib ki, qərar təkcə şagirdlərə deyil, pedaqoji kollektivə də aiddir.