“Azərbaycanda demokratik təsisatlar getdikcə sıradan çıxarılır”

“Azərbaycanda demokratik təsisatlar getdikcə sıradan çıxarılır”

01-07-2022 18:55 / Bu xəbər 1198 dəfə oxundu

"Hüquq müdafiəçiləri və jurnalistlər məhkəmə proseslərinə buraxılmır”

"Dövlət qurumlarına vətəndaşlar tərəfindən edilən müraciətlərə adekvat cavab verilmir, əsassız süründürməçilik, rüşvət və korrupsiya halları vətəndaşların dövlət strukturlarına etimadını azaldır, etimadsızlıq mühiti getdikcə daha da dərinləşir”.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin iyun ayına dair hesabatında belə deyilir.

Hesabatda iddia olunur ki, hüquq-mühafizə orqanlarında insan hüquqları və əsas azadlıqlarının müdafiəsi sahəsində vəziyyət hər ay daha da acınacaqlı xarakter alır, işgəncə faktları adi hala çevrilir.

"Azərbaycanda demokratik təsisatlar getdikcə sıradan çıxarılır. Vətəndaş cəmiyyəti institutları, Ombudsman Aparatı, demək olar ki, formal xarakter daşıyır. Hakimiyyət özünə yaxın Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) ilə işlədiyi kimi, diplomatik korpuslar-səfirliklər və beynəlxalq təşkilatlar da öz cazibə dairəsinə saldıqları QHT-lərlə işləyirlər. Müstəqil fəaliyyət göstərən, heç bir qüvvənin təsir dairəsinə düşməyən QHT-lərin sıradan çıxarılması üçün hər şey edilir”, – deyə hesabatda bildirilib.

Mərkəz hər ay ədliyyə və daxili işlər nazirliklərinə ünvanladıqları müraciətə rədd cavabı aldığını vurğulayıb.

"Həmin nazirliklərin idarə və müəssisələrində insan hüquqlarına, qeyri-insanı rəftara və işgəncə hallarına dair baş çəkmələrin həyata keçirilməsinə icazə verilməməsi adi hal alıb. Eyni zamanda, açıq elan olunan məhkəmə proseslərinə də hüquq müdafiəçiləri və jurnalistlər buraxılmır”, – deyə hesabatda qeyd olunur.