“Azərbaycanda gerçək seçki olsaydı, hakimiyyət qiymət artımına cəsarət etməzdi”
01-07-2024 23:17 / Bu xəbər 691 dəfə oxundu
"Bir müddət sonra vergi və digər rüsumlar da artırıla bilər”
İyunun 30-da Azərbaycan bir sıra sahələrdə qiymət artımı baş verib.
Tarif Şurasının verdiyi qərara görə, "Aİ-92” benzin, dizel yanacağı, həmçinin metro, avtobuslarda və ölkədaxili hava nəqliyyatında gedişhaqları artırılıb.
Bununla yanaşı, məişət tullantılarının daşınması tarifi də əvvəlki dövrlə müqayisədə 2-3 dəfə qalxıb.
Ölkədəki qiymət artımı sosial mediada və ictimaiyyətdə narazılıqla qarşılanıb.
Bir çoxları hesab edir ki, parlament seçkiləri ərəfəsində belə bir qərarın qəbul edilməsi yanlışdır.
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verilib. Adətən, hökumət seçkiöncəsi belə qərarlar vermir, əhalinin qiymət artımına həssaslığını nəzərə alır. Ona görə də seçkiöncəsi qiymət artımı ilə bağlı qərarın hansı zərurətdən verildiyi müəyyən suallar doğurub.
İqtisadçı eksperlər baş verənləri məhz iqtisadi amillə əlaqələndirir və ölkədəki iqtisadi durumun ağır olduğunu deyirlər.
Maraqlıdır, bəs siyasətçilər nə düşünür, indiki halda hökumət bu qərarı niyə verdi və bunun hansısa siyasi səbəbləri varmı?
Meydan TV bununla bağlı siyasi partiya rəhbərləri və analitiklərin fikirlərini öyrənməyə çalışıb.
"Məcburiyyətdən verilən qərardır”
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu Meydan TV-yə deyib ki, seçkilərdən öncə bu qərar məcburiyyətdən verilib: "Əslində, indiki halda qiymətlərin artması hökumətin maraqlarına ziddir. Çünki parlament seçkilərinə hazırlıq gedir, amma görünür, iqtisadi vəziyyət çox ağırdır. Ona görə də hesab edirəm ki, məcburiyyətdən verilən qərardır”.
Sərdar Cəlaloğlu
Partiya sədri qərarı daha çox COP29-la bağlı xərclərlə əlaqələndirib: "Mən daha çox bunun COP29-la bağlı olduğunu düşünürəm, çünki ölkəyə 80 mindən artıq qonaq gələcək, yollar, şəhərin abadlaşdırılması və digər xərclər olduqca çoxdur. Hökumət də bunu öncədən hesablamayıb. İndi vəziyyətin ağırlığını başa düşüb bu problemləri xalqın hesabına həll etmək istəyirlər. Görünür, büdcənin də bu hesablanmamış xərcləri qaldırmağa gücü çatmır”.
"Seçki keçirməyə yox, seçki şousu təşkil etməyə hazırlaşırlar”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli hesab edir ki, qiymət artmının səbəbi ölkədə azad rəqabət mühitinin olmaması ilə bağlıdır.
Bu barədə AXCP sədri "Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycanda gerçək seçki, azad rəqabət mühiti olsaydı, hakimiyyət seçki kampaniyası dövründə benzin və dizel yanacağının, həmçinin nəqliyyatda gedişhaqqının qiymətini artırmağa heç cəsarət etməzdi.
Əli Kərimli
Partiya sədrinin fikrincə, qiymətlərin seçkilərdən öncə qaldırılması xalqa qarşı sayğısızlıqdır: "Siz heç dünyada benzinin, dizel yanacağının, nəqliyyatda gedişhaqqının qiymətini qaldıraraq seçkiyə gedən hökumət görmüşdünüz? Təbii ki, görə bilməzsiniz? Dünyanın hər yerində seçicilər qiymət artımına, xüsusilə də benzin və dizel yanacağı qiymətinə çox həssasdır. Bəs necə olur ki, İlham Əliyev sentyabrın 1-nə parlament seçkisi təyin edir, 2 gün sonra da benzin və dizel yanacağının qiymətini artırırlar? Ona görə belə edə bilirlər ki, artıq xalqı saymırlar. Əmindirlər ki, hamımızı bütün hüquqlardan məhrum ediblər. Sentyabrın 1- də də seçki keçirməyə yox, seçki şousu təşkil etməyə hazırlaşırlar. Qutuları özləri doldurub, protokollara da istədikləri rəqəmləri yazacaqlar”.
"Bir sözlə, bizə növbəti dəfə xatırladırlar ki, ucuz benzin üçün də, uşaq pulu ala bilmək üçün də, yaxşı təhsil və səhiyyənin əlçatan olması üçün də, işgəncə və sifarişli həbslərə son qoyulması üçün də gərək hamılıqla "siyasətə qarışaq”, vətəndaş olaq və zəbt edilmiş hüquqlarımızı geri alaq”, – deyə Kərimli qeyd edib.
"Hakimiyyətin yeganə mənbəyi rüsumlar və xalqın cibidir”
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə deyir ki, Azərbaycanda onsuz da seçki sistemi məhv edilib, ona görə də burada hər hansı bir siyasi səbəb axtarmağa gərək yoxdur:
Onun sözlərinə görə, qiymətlərin artırılmasının səbəbi məhz iqtisadi amillə bağlıdır: "Sözsüz ki, səbəb iqtisadi amillə bağlıdır. Çünki siyasi səbəblərdən belə qərar verilmir, həm də seçki dövründə. Aydındır ki, Azərbaycanda seçki institutu tamamilə məhv edilib, seçki deyilən bir anlayış qalmayıb. Seçki olmadığı üçün də narahatlıqları yoxdur və heç nə veclərinə deyil. Ona görə səbəb iqtisadidir ki, Azərbaycan iqtisadiyyatında fundamental problemlər var. Bu, sözsüz ki, insanların sosial vəziyyətini də ağırlaşdırır. Qarşısını da ala bilmirlər, çünki qarşısını almaq üçün iqtisadiyyat şaxələnməlidir”.
Azər Qasımlı
"Fundamental problem odur ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və qazdan asılıdır. Bu vəziyyəti hələ ki, dəyişə bilməyiblər, heç dəyişmək kimi bir fikirləri də yoxdur. Ölkədə elə bir siyasi model formalaşdırıblar ki, bütün iqtisadi resursları bir əldə cəmləşdiriblər. Bundan əvvəl, məsələn, oliqarxik bir sistem idi, indi tamam fərqli bir sistemə keçiblər və hər şey bir şəxsin, bir ailənin nəzarətindədir. Belə halda da iqtisadiyyatda rəqabət mühiti məhv edilir, ölkədə istehsal olmur, idxaldan və xarici valyutadan asılılıq davam edir”, – deyə politoloq qeyd edib.
Onun fikrincə, hazırda Azərbaycanda neft hasilatı ciddi şəkildə azalıb: "Bu azalma da davam etməkdədir, hətta son 2-3 ilin rəqəmlərinə nəzər yetirsək, bunu aydın görə bilərik. Hesablamalar da göstərir ki, bu il neftdən gələn gəlirlər təxminən 4-5 mlrd dollar civarında olacaq. Ehtimal olunur ki, gələn il 3-4 milyard dollar səviyyəsinə düşəcək. Bu o deməkdir ki, Neft Fondundan büdcəyə olunan transferlər də kəskin azalacaq. Düzdür, Neft Fondunun özünün müəyyən resursları var, amma bu resurslar da getdikcə əriyəcək. Ona görə də ölkədə azad iqtisadi rəqabət mühiti yaradılmalı, sahibkarlıq inkişaf etdirilməli, qeyri-neft sektoruna önəm verilməlidir. Yəni nefti əvəzləyəcək başqa alternativ yollar axtarılmalıdır. Bunun üçün də iqtisadi azadlıqların verilməsinə şərait yaradılmalıdır, çünki başqa alternativ yol da yoxdur".
Qasımlı Meydan TV-yə deyir ki, bir müddət sonra vergi və digər rüsumlar da artırıla bilər: "İndiki halda hakimiyyətin büdcəni doldurmaq üçün əlində yeganə mənbə vergi və rüsumlar, həmçinin xalqın cibinə girməkdir. Biz bir azdan, yəqin ki, vergi və rüsumlarla bağlı da belə qərarları görə bilərik. Yəni vergilər, rüsumlar, kommunal xərclər və digərləri artırılacaq. Bu da Azərbaycan xalqının, sahibkarların cibinə girmək hesabına başa gələcək. İqtisadiyyatdakı bütün deşikləri xalqın cibindən oğurlamaqla doldurmaq istəyirlər. Bu da o qədər davam edəcək ki, xalqın sosial-iqtisadi vəziyyəti dözülməz hala gələcək, proses etirazlara və inqilabi situasiyalara gətirib çıxaracaq. İndiki halda bu, o qədər də nəzərə çarpmır, ona görə də hakimiyyət istədiyini edir, hər şeyi cibində saxlamağa çalışır, xalqın istəklərini və sosial vəziyyətini nəzərə almır”.
"İndiki halda qiymət artmına ehtiyac yox idi”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Meydan TV-yə deyib ki, Tarif Şurasının qərarlarının məntiqini anlamaqda çətinlik çəkir: "Hesab edirəm ki, indiki halda qiymət artmına ehtiyac yox idi. Mən dəfələrlə Milli Məclisdə də demişəm ki, Tarif Şurasının qərarlarının hansı məntiqə söykəndiyini başa düşə bilmirəm. Çünki bu qərarlar ölkədə sosial gərginliyi artırır. Seçkilər dövründə isə belə bir qərarın verilməsinə heç bir ehtiyac yox idi. Başa düşürəm ki, ölkənin bəzi problemləri, üzərimizə düşən çətin yüklər var, Qarabağın bərpası üçün vəsait lazımdır, Azərbaycan sənaye və kənd təsərrüfatı sahələrini inkişaf etdirmək istəyir”.
Sabir Rüstəmxanlı
"Ölkənin maliyyəyə ehtiyacı var və bizə bu sahədə heç kim kömək etmir. Yəni ölkə öz ehtiyaclarını özü ödəyir, bunu başa düşürəm. Amma Milli Məclis buraxılıb, Tarif Şurası özü heç bir müzakirəni, xalqın rəyini nəzərə almadan qərar qəbul edir. Mənə bununla bağlı bu gün onlarla insan zəng edib, hamısı narazılığını bildirir”, – deputat qeyd edib.
"Dəfələrlə təklif ediblər ki, qiymət artırılmalıdır”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, seçki dövründə qərarın adekvatlığı nəzərə alınmalı idi: "Bu, seçki ilə bağlı məsələ deyil, öncədən ölçülüb-bişilmiş, planlaşdırılmış məsələdir, amma qərarın adekvatlığı müəyyən olunmalıdır ki, aztəminatlı insanlara bunu təsiri nə dərəcədə olacaq. Hər halda insanların yaşam şərtləri, müəyyən problemlər gözə alınmalı idi ki, bunu da, yəqin ki, müzakirə ediblər”.
Fazil Mustafa
"Bir sıra qurumlarda da, məsələn, metro və digər qurumlarda xüsusən qiymətlər rentabelli sayılmır. Həmin qurumlar da dəfələrlə təklif ediblər ki, qiymət artırılmalıdır, çünki dövlətin dotasiyasından başqa müəyyən boşluqları doldurmağa başqa vasitələr yoxdur. Görünür, dövlət büdcəsindən də dotasiya ayırmaq məhdudlaşdığından belə bir qərarın verilməsinə gedilib. Hər halda vətəndaşların bu qiymət artımları qarşısında əzilməməsi üçün ciddi tədbirlər görülməlidir”, – Fazil Mustafa vurğulayıb.
Növbədənkənar seçkilər nə vaxt keçiriləcək?
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.
İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab vermişdi.
İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi.
Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının "tam formalaşdırılması zəruridir”.
Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub.