“Azərbaycanda hakimiyyətdaxili münaqişə yoxdur”

“Azərbaycanda hakimiyyətdaxili münaqişə yoxdur”

29-07-2020 22:01 / Bu xəbər 2046 dəfə oxundu

Prezident Administrasiyasının keçmiş, Milli Elmlər Akademiyasının indiki rəhbəri Ramiz Mehdiyev ölkə rəhbərliyində hakimiyyətdaxili münaqişənin olmasını inkar edir.  

O, ölkənin hazırkı rəhbərliyini öz postlarından çıxarılmış dövlət məmurları ilə "qarşı-qarşıya qoymağa” təhrik etməyə çalışan bəzi siyasi mühacirlərin hərəkətlərindən hiddətlənir.

O, rəsmi "AzərTAC” agentliyində dərc edilmiş müraciətində yazır: "Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir”.

 "Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir”, - o davam edir.

R.Mehdiyev siyasi mühacirləri Azərbaycan rəhbərliyini sərt tənqid etməkdən çəkinməyə çağırıb, ölkədə sabitliyi pozmaq cəhdlərini təhlükəli adlandırıb.

"Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm”,- R.Mehdiyev bildirir. O hesab edir ki, Heydər Əliyevin siyasə ölkə üçün ən düzgün siyasi seçim olub və İlham Əliyevin sadiq silahdaşı olaraq qalır.

Sonda o, İlham Əliyevə sadiqliyini bir daha bəyan edir, onun ölkə qarşısındakı xidmətlərini sadalayır. Lakin R.Mehdiyev öz müraciətini daxili siyasi mübarizədən imtina etmək çağırışı ilə başa çatdırır.

"Bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Tarix göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq”, - R.Mehdiyev yazıb.

Lakin R.Mehdiyevin son çağırışını ikimənalı - Xalq Cəbhəsi Partiyasının fəallarına qarşı hazırkı repressiya dalğasını tənqid kimi də yozmaq olar.

turan.az