Azərbaycanda ifadə azadlığı: 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda ifadə azadlığı: 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib

12-09-2022 14:02 / Bu xəbər 1367 dəfə oxundu

"Qanunvericilikdə heç bir pozitiv dəyişiklik qeydə alınmayıb”

"2021-ci ildə Azərbaycanda 6 nəfər sosial şəbəkədəki paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Bu o deməkdir ki, ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmayıb”.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Azərbaycanda ifadə azadlığının vəziyyətinə dair” araşdırma sənədində belə deyilir.

IDI-nin araşdırmasına görə, ifadə azadlığı sahəsində qanunvericilikdə də heç bir pozitiv dəyişiklik qeydə alınmayıb. Eləcə də praktiki səviyyədə dövlət qurumları səlahiyyətlərindən sui-istifadə edərək ifadə azadlığına legitim olmayan müdaxilələr edib: "Bəzən də cəzalandırma səlahiyyətlərini şəxsin ifadə azadlığını məhdudlaşdırmaq üçün əsassız təzyiq vasitəsi kimi istifadə ediblər. Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşahidə olunub”.

Təşkilat bildirib ki, bu araşdırmanı Azərbaycanda ifadə azadlığının durumunu təsvir etmək, beynəlxalq konvensiyaların yanaşmasını göstərmək, yerli qanunvericiliyi təsvir və təhlil etmək, həmçinin 2021-ci ildə söz azadlığına edilən müdaxilələrin xarakterini üzə çıxarmaq üçün edib.

Eyni zamanda, qurumun məqsədi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qəbul etdiyi qərarların icra vəziyyətini araşdırmaq, araşdırma nəticələrini təhlil etmək və sonda tövsiyələr vermək olub.

Təşkilat qeyd edir ki, sənədi hazırlayarkən media monitorinqi metodundan istifadə olunub.

Məlumatlar müxtəlif yerli və beynəlxalq hesabatlardan, eləcə də bir sıra media vasitəsilərindən əldə edilib: "Media monitorinqi açar sözlər vasitəsilə aparılıb və araşdırmanı əhatə edən konkret dövrlə (2021-ci ilin yanvar – dekabr ayları) məhdudlaşdırılıb”.

IDI hesab edir ki, Azərbaycanda bu gün ən böyük problemlərdən biri qanunvericilikdə diffamasiyaya görə cinayət məsuliyyətinin olması və praktikada bu maddənin tətbiq olunmasıdır: "2021-ci ildə Azərbaycana qarşı Konvensiyanın 10-cu maddəsinin pozuntusu tanınan işlərdə də bu problem dəfələrlə vurğulanıb. Cinayət Məcəlləsindəki bu tip maddələrdən biri prezidentin şərəf və ləyaqətini qoruyan maddədir. Halbuki AİHM-in qərarlarında dəfələrlə qeyd olunub ki, dövlət nümayəndələrinin, ictimai və siyasi xadimlərin, o cümlədən rəhbər şəxslər tənqidə qarşı daha tolerant olmalıdır”.

Araşdırma müəllifləri qeyd ediblər ki, AİHM-in Azərbaycana qarşı bir çox işdə əsas pozuntu tapdığı məqamlardan digəri cəzaların mütənasib olmamasıdır.
 
Həmin qərarlarda yerli məhkəmələrin ən ağır sanksiyaları seçdiyi, mövzunun ictimai debata töhfə vermə və şəxsin ictimai həyatdakı rolu kimi faktorları nəzərə almadığı bildirilib: "AİHM 2021-ci ildə ümumilikdə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Ümumlikdə isə AİHM Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib”.

IDI bəyan edib ki, bu qərarlarının icra vəziyyətinə baxdıqda hökumətin Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrinə və çağırışlarına baxmayaraq qərarların tam və istisnasız icrasına əməl etdiyi görünür: "Kompensasiya hissəsini əsasən icra etsə də, qanunvericiliyin standartlara uyğunlaşdırılması, konkret tədbirlərin görülməsi, pozuntuların aradan qaldırılması, cinayətə yol verən şəxslərin məsuliyyətə cəlb olunması və AHİM təcrübəsinin sonrakı məhkəmə çəkişmələrində bir qayda olaraq tətbiq edilməsinə əhəmiyyət vermir”.