Azərbaycanda Çin və Şimali Koreya nümunəsi...

Azərbaycanda Çin və Şimali Koreya nümunəsi...

03-11-2022 00:37 / Bu xəbər 844 dəfə oxundu

Xalid Ağalı

"Media haqqında" qanunun qurbanları var, məhkəmələr başlayır...

"Ura, biz artıq reyestrə daxil olduq" - çağırışları yaxşıdır, ancaq təəssüflər olsun ki, reyestrin qapıları ayrı-seçicidir, Media Agentliyi artıq reyestə daxil edilməklə bağlı müraciətlərin rədd edilməsi tendensiyasına start verib. 

Müraciətlərin rəddinə Avropa Şurası Venesiya Komissiyasının "Avropa Şurasına üzv olan ölkədə belə bir qanun tətbiq edilməməlidir" formasında qiymət verdiyi "Media haqqında" qanunun 74.1.2-ci maddəsi əsas göstərilir. 

74-cü maddə "Media Reyestri"nə daxil edilməyin tələblərini müəyyən edir. Başıbəlalı qanunun 74.1.2-ci maddəsi "fəaliyyət davamlılığı" şərtini nəzərdə tutur. 

Davamlılığın ölçü daşı bəlli deyil, subyektivdir. Ümumiyyətlə, belə şərt ifadə azadlığı hüququna məhdudiyyətlər üçün heç bir halda qanuni, senzuradan başqa bir şey deyil.

Problem burasındadır ki, reyestrdə qeydiyyatından imtina olunmuş elə medialar var ki, həmin medialar Media Agentliyinin rəhbərləri hələ orta məktəbdə, yaxud, ali məktəbdə oxuduğu illərdə və ya hökumətin media siyasətini reallaşdıran Əli Həsənov məktəbinin zəngini cingildədən zamanlarda media kimi tanınıblar və hətta Azərbaycan məhkəmələri tərəfindən media, jurnalist kimi sanksiyalara da məruz qalıblar və bunlar rəsmi sənədlərdə əksini tapıb...

Qanunların necə tətbiq edilməsi vacibdir, gözləntilər vardı ki, Media qanunu medianın, jurnalistlərin mənafeləri üstün tutulmaqla tətbiq ediləcək və belə tətbiqetmə qanunun zərərlərini müəyyən ölçüdə sıortalayacaq, görünməz edəcək, təəsüflər olsun ki, kövrək gözləntilər doğrulmadı.
 
...Maraqlı məhkəmələr olacaq. Çünki, belə düzənləmələr Çin, Şimali Koreya kimi ölkələrə xasdır. 

Məhkəmələrimiz bu mübahisələrə ədalətli baxsalar, tezliklə, qanunun, onu icra edənlərin keyfiyyəti və ardınca, qanunun dəyişdirilməsi gündəmə gəlməlidir. 

Baxış ədalətsiz olsa, gec olacaq, amma yenə də qanunvericiliyin dəyişdirilməsi hökumətimizin öhdəliyi kimi qarşımıza çıxacaq. 

Bu, çalarlarını Konstitusiyamızın formalaşdırdığı kontekstdə biabırçı mənzərədir, onu tezliklə silmək, mütərəqqi düzənləmələr düşünmək, tətbiq etmək lazımdır.