Azərbaycanda işçiləri vaksin olunmayan şirkətlər bağlana bilər
25-05-2021 15:25 / Bu xəbər 918 dəfə oxundu
Bu gün, mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov əhaliyə növbəti dəfə peyvənd olunmaqla bağlı çağırış edib.
Dövlət rəsmisi bildirib ki, iyulun 1-dən idman-sağlamlıq mərkəzlərində COVID pasportu tətbiq ediləcək: "İyulun 1-dən etibarən işçilərinin 80 faizindən çoxunda peyvənd sənədi olmayan şirkətlərə xəbərdarlıq ediləcək və hətta onlar bağlana bilər. Qayda həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.
Operativ Qərargahın bugünkü brifinqində bildirilib ki, ölkədə COVID pasportu tətbiq olunacaq.
"İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”, - deyə Şahmar Mövsümov qeyd edib.












