Azərbaycanda karantin qaydaları sərtləşdirilə bilər

Azərbaycanda karantin qaydaları sərtləşdirilə bilər

15-07-2021 17:57 / Bu xəbər 1305 dəfə oxundu

Milli Məclisin deputatı: "Əhali qaydalara riayət etməsə sərtləşmə tədbiq oluna bilər" 

Bu gün, iyulun 15-də Azərbaycanda koronavirusa sutkalıq yoluxma 200-ə çatıb. 

Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 199 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxmış 2 nəfər isə vəfat edib.

Koronavirusun Britaniya ştammı Azərbaycanda əvvəllər aşkar olunsa da, Delta ştammı ölkə ərazisində ilk dəfə eydə alınıb. Karantin rejimini yumşaldan dünyanın bir çox ölkələrində yayılmış Delta variantı yeni qapanmalara və müxtəlif məhdudlaşdırmalara səbəb olub. Bəzi alimlər bildirir ki, koronavirusun Delta variantı əvvəlki ştammlardan daha yoluxucudur.

Bəs Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi gözlənilirmi? Buna ehtiyac varmı?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, məhdudlaşdırıcı tədbirlərin olub-olmaması əhalidən asılıdır: "Operativ Qərargah iyulun 1-dən müəyyən qaydalar çərçivəsində toy, xeyir mərasimlərinin keçirilməsinə icazə verib. Amma çox təəssüf ki, insanlar həmin qaydalara riayət etmir. Yenə də toylara normadan artıq insanlar dəvət olunur, qoruyucu maskalardan istifadə olunmur, sosial məsafəyə riayət edilmir. Sanki ümumiyyətlə, dünyada koronavirus pandemiyası yoxdur".

Komitə üzvü qeyd edib ki, Azərbaycanda son günlər koronavirusa yoluxma dinamikasında nəzərə çarpacaq qədər artım var: "Əhali qaydalara riayət etməsə, əlbəttə ki, hər hansı sərtləşmə tədbiq oluna bilər. Başa düşürük, insanlar artıq bezib, amma müəyyən olunmuş qaydalara çox ciddi şəkildə riayət etmək lazımdır".

M.İbrahimqızı vurğulayıb ki, insanlar mütləq vaksinasiya prosesində iştirak etməlidir. "Peyvənd bu xəstəlikdən qorunmasında ən yaxşı yoludur",  - deyə o qeyd edib.