Azərbaycanda Kikboksinq Federasiyasının I vitse-prezidenti həbs olunub

Azərbaycanda Kikboksinq Federasiyasının I vitse-prezidenti həbs olunub

07-01-2025 01:26 / Bu xəbər 112 dəfə oxundu

"Lord” ləqəbli Ramal Aslanovun artıq vəzifəsindən azad olunduğu bildirilir

Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov şübhəli şəxs qismində tutulub.

O, kikboksinq üzrə məşqçi və əməkdar idman ustası, Dövlət Sərhəd Xidmətinin mayoru Fuad Zeynalova bir qrup şəxsin hücum edib, onu döyməsini sifariş etməkdə ittiham olunur.

Fuad Zeynalov yanvarın 4-də gecə saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisindəki restoranlardan birindən çıxarkən hücuma məruz qalıb.

Ətrafdakı kamera görüntülərilə hücumda iştirak edənlərin kimliyi müəyyənləşdirilib.

Nəticədə Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.

Saxlanılan şəxslərdən bir neçəsinin idmançı olduğu bildirilir.

Fuad Zeynalov iddia edir ki, ona qarşı hücum Ramal Aslanovun sifarişi ilə baş verib.

Onun sözlərinə görə, Ramal Aslanovla aralarında xeyli vaxtdır gərginlik yaşanırdı.

Bu gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatından başlayıb.

Fuad Zeynalov iddia edir ki, yanvarın 4-də baş verənlər ona qarşı ilk hücum deyil. Bundan əvvəl də bir qrup şəxs evinə hücum edib. Lakin həmin hadisədən sonra Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi məsələyə qarışıb və gərginliyi aradan qaldırıb.

Azərbaycan Kikboksinq Federasiyası yanvarın 6-da son olayla bağlı açıqlama yayaraq, baş verənləri qınadığını bəyan edib: "Baş verənlər kikboksinq idman növünə ləkədir və ümumiyyətlə, idman sferasında yolverilməzdir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcək”.

Məsələ ilə əlaqədar yanvarın 7-də Federasiyanın iclası gözlənilir.

"Lord” ləqəbli Ramal Aslanovun artıq qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırıldığı bildirilir.