Azərbaycanda koronavirus xəstələri üçün nə qədər çarpayı ayrılıb?

Azərbaycanda koronavirus xəstələri üçün nə qədər çarpayı ayrılıb?

18-11-2020 18:05 / Bu xəbər 763 dəfə oxundu

Azərbaycanda "COVİD-19”-a yoluxma pik həddə çatıb. 

Gün ərzində yoluxma sayı 2000 mindən çoxdur. İyun-iyul aylarında yoluxma sayı daha az - 500-600 olsa da, ölkədə ciddi karantin rejimi elan olunmuşdu. 

Yaşayış yerini SMS-lə tərk etmək qərarı belə verilmişdi. Ancaq indi yoluxma sayı artsa da, anoloji addımlar atılmır. 

Həkim Vasif İsmayıl "Toplum TV”-yə bunun səbəbini izah edib. 

O deyib ki, hökumət gündəlik yoluxmaya görə qərar vermir: "Əsas məsələ koronavirusa yoluxmuş hər bir şəxsə keyfiyyətli tibbi yardım göstərməkdir. Şərt budur. Ona görə də sənin əlində nə qədər çarpayı varsa, bir o qədər də xidmət göstərə bilərsən. İyun-iyul aylarında biz hələ koronavirusun müalicəsinə hazır deyildik. Bizim əlimizdə 7 min çarpayı var idi. Xəstə sayı 7 mini keçəndən sonra dövlət baxdı ki, bunun öhdəsindən gələ bilmir, artıq xəstələr evində müalicə olunur. Evində müalicə olunan insanın vəziyyəti ağırlaşsa, öləcək. Xəstəxanada olsa, adamın bir şansı var. Ona görə də karantin rejimini sərtləşdirdi”.

Vasif İsmayıl bunu da deyir ki, hökumət son bir neçə ay ərzində koronavirusla mübarizəyə daha ciddi hazırlaşıb, çarpayı sayını artırıb, lazımlı dərman preparatlarının tədarükünü görüb. 

Həkim buna görə də indi hökumətin "COVİD-19”-dan qorxmadığını vurğulayır: "İndi məsələn, 20 min aktiv xəstə var. Amma hökumət karantin qaydalarını sərtləşdirmir. Demək,  inanır ki, Azərbaycanda koronavirusa yoluxmuş hər bir vətəndaşa keyfiyyətli xidmət göstərəcək. Hökumət buna inanır deyə karantin rejimini sərtləşdirmir. Əgər Azərbaycanda aktiv yoluxmuş insan sayı, hökumətin hazırladığı çarpayı sayından çox olarsa, əlbəttə, bu dəfə karantin rejimini sərtləşdirməyə başlayacaq”.

Azərbaycanda hazırda nə qədər yataq sayı var? "Toplum TV”yə Səhiyyə Nazirliyindən suala cavab ala bilməyib. 

TƏBİB-dən - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə çarpayı sayı haqda dəqiq rəqəm deyilməyib. Sadəcə, "Yetərincə yataq var” deməklə kifayətləniblər.

Məzahir Abdurahmanov