Azərbaycanda media azaddırmı? - Təhlil

Azərbaycanda media azaddırmı? - Təhlil

22-07-2019 15:42 / Bu xəbər 399 dəfə oxundu

22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.

Azərbaycan mətbuatının adıyla bağlı olduğu "Əkinçi” qəzetinin ilk tirajı 1875-ci ilin 22 iyulunda çapdan çıxıb.

Bu gün ölkədə yüzlərlə mətbu orqan - qəzet, jurnal və onlayn xəbər saytları fəaliyyət göstərir.

Prezident İlham Əliyev Azərbaycanda hər azadlığın təmin edildiyi kimi media azadlığının da təmin olunduğunu deyir.

"Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz", – İ.Əliyev deyib.

Beynəlxalq təşkilatların hesabatları ilə İlham Əliyevin fikirləri uzlaşmır.

Azərbaycan beynəlxalq təşkilatların statistikalarında ilbəil geriləyir.

2018-ci il Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 166-cı olub. 2017-ci ildə isə Azərbaycan 162-ci pillədə qərarlaşmışdı.

Buna səbəb ölkədə fəaliyyət göstərən jurnalistlərin, blogerlərin təzyiqə məruz qalması, media orqanlarının senzuraya tuş gəlməsidir.

Toplum.Tv bu ilin ilk 6 ayında ölkənin media sahəsində baş verən problemləri araşdırmağa çalışıb.

Doğrudanmı, hazırda media İlham Əliyevin dediyi kimi azaddır? Bu il jurnalist və blogerlər öz işlərini görərkən hansı maneələrlə qarşılaşıb?

Bu ilin yanvar ayında həbsdə olan bloger Mehman Hüseynova qarşı yeni iddia qaldırıldı. Bloger buna etiraz edərək aclıq aksiyasına başladığını bəyan etdi. Hadisə ictimai rezonans doğurdu, Mehmana dəstək aksiyaları təşkil olundu.

Nəticədə blogerə dəstək mitinqinin təşkilatçıları saxlanıldı. İctimai və beynəlxalq təzyiq iddianın geri götürülməsinə səbəb oldu. Mart ayında Mehman Hüseynovun cəza müddəti bitdi və o, azadlığa çıxdı.

O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

Bu ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycana qarşı iddiası ilə bağlı qərarını açıqlayıb. Bu qərar jurnalistin videogörüntülərinin yayılması səbəbindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.

Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

Yanvar ayının 31-də Toplum Tv-nin iki əməkdaşı "D-18” Hərəkatının tədbiri zamanı saxlanılıb. Jurnalistlər 4 saat polis bölməsində qalıblar.

Bu ilin fevral ayı isə geridə qalan aydan fərqli olaraq media əməkdaşlarına qarşı məhkəmələrlə yadda qalıb.

Belə ki, Bakı Apelyasiya Məhkəməsi jurnalist Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.

Bundan başqa "Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işinin ibtidai istintaqı başa çatıb.

Baş redaktor barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "bastainfo.com" saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses baş tutub.

Redaktora qarşı Arzuxanım Məmmədova adlı vətəndaş məhkəməyə şikayət verib. O, məhkəmədə basta saytına daxil olub bəzi məqalələri oxuyunca şok keçirdiyini, çox narahat olduğunu deyib. Adamları mitinqə, iğtişaşlara çağırırdığına görə qorxduğu üçün saytdan şikayət etdiyini bildirib.

Martın 13-də Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı rəhbərlik etdiyi "Ayna” və "Zerkalo” qəzetlərinin redaksiyasında "Teref.info” saytının yerləşməsinə imkan verdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Mart ayında baş redaktorların məhkəmə iclasları bitib. Martın 18-də "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin edilib.

Bir başqa jurnalistin cinayət işi üzrə məhkəmə iclası martın 28-də başa çatıb.

"Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılov (Nurəddin Xoca) məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, jurnalist barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.

Aprelin 8-i axşam saatlarından "Arqument.az”, "Arqument.info” saytı ölkə ərazisində bloklanıb. Bloklanmaya səbəb kimi redaktor Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu bildirib.

Aprelin 11-də isə "Arqument.az” saytına qoyulmuş qeyri-rsəmi blok aradan götürülüb.

Aprelin 22-də həbsdə olan araştırmaçı jurnalist Əfqan Muxtarlının vəziyyətinin pisləşdiyi bildirilib.

Həyat yoldaşı Leyla Mustafayevanın sözlərinə görə Əfqan Muxtarlının gözlərində güclü ağrılar əmələ gəlib.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il, mayın 29-da "yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib.

Aprelin 23-də "Meydan.tv”nin ölkə ərazisində blokunun aradan qaldırılması şikayəti məhkəmə tərəfindən təmin edilməyib.

Səbail Rayon Məhkəməsi 2017-ci ilin 12 may tarixində "Meydan TV”nin bloklanması haqda qərar çıxarıb.

Aprelin 25-də Bakı Apelyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə "bastainfo.com” saytının rəhbəri Mustafa Hacıbəyli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Aprelin sonlarında keçmiş daxili işlər naziri Ramil Usubovun biznesi ilə bağlı "Meydan TV”-də yayınmlanmış araşdırmanı təkrar öz saytında yaydığı üçün "az24saat.org” saytının redaktoru Vüqar Qurdqanlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel” kimi tanınır) çağırılıb.

May ayının ilk günü "Qafqaz” xəbər agentliyi kimi qeydiyyatdan keçmiş "qafqaznews.az” saytının rəhbəri Mahmud Tağıyev 12 il azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə Mahmud Tağıyev CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları mayın 1-də "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanı saxlayıblar.

Şəfəq Ağacan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Mayın 1-də jurnalist Aynur Elgünəşin ölkədən çıxışına qoyulan qadağa birdəfəlik götürülüb.

2014-cü ilin dekabr ayında "Meydan.TV” ilə əməkdaşlıqda ittiham olunan 15-dən çox jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu.

3 May Beynəlxalq Media Azadlığı Günü ölkədən çıxışına qadağa qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və "Meydan.TV” rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər. Həmin ay "Meydan TV” işinə görə qoyulmuş qadağaların hamısı götürülüb.

Mayın 6-da 5 saylı Cəzaçəkmə Müsəssisəsində "Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin cəzadan vaxtından əvvəl azad olunması haqda ərizəsi təmin edilməyib. "Azadlıq” qəzetinin bölgə müxbiri Z.Əsədli 2017-ci ilin sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, CM-in 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Ayın 8-də "Gundemxeber.az” saytının baş redaktoru Şirin Cəfəri yazılarına görə prokurorluqdan xəbərdarlıq alıb.

Bakı şəhər Prokurorluğu may ayında daha bir xəbərdarlığı "Criminal.az" saytının rəhbəri Anar Məmmədova edib.

Jurnalistin yazdığı "SOCAR prezidenti Rövnəq Abdullayevə bağlı şirkətlər", ""Əhmədzadə qardaşlarının "SOCAR Trading"dəki özəl biznesi", "Rövnəq Abdullayevin oğlunun Türkiyədəki varidatı: Şirkətlər, otellər, restoranlar, əyləncə mərkəzləri, daşınmaz əmlak biznesi...", "Mübariz Mənsimovun gəmiləri Hacı Məmmədovun oğurlayıb qulağını kəsdiyi şəxsə verilibmiş", "Londonda 6 milyon funt sterlinqə mənzili kim alıb? - O, milyonluq at minir..." və başqa araşdırma yazılarına görə xəbərdarlıq aldığını deyib.

Mayın 23-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyasını çəkən jurnalistlər - Türkan Bəşir, Fərqanə Novruzova və Aytac Tapdıq saxlanılıblar.

Saxlanılan jurnalistlərdən Fərqanə Novruzovanı polislər zorakılıqla saxlayıblar. Polislər onu saxlayarkən gödəkçəsi cırılıb.

2018-ci ildə keçirilən prezident seçkiləri zamanı hazırladığı reportaja görə jurnaist Sevinc Vaqifqızı məhkəməyə verilib. Jurnalist reportajı hazırladıqdan bir il sonra məhkəmə qarşısına çıxıb.

Ayın son hadisəsi isə "Günün səsi" (Gununsesi.info) portalının rəhbəri Pərviz Həşimli saytın açılmasına və onun xaricə çıxmasına qoyulmuş qadağanın ləğv edilməsi ilə bağlı Baş prokurora çağırışı olub.

İyun ayında Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimovu məhkəməyə verib.

Jurnalist qeyd edib ki, onun Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə cəzalandırılması istənilir. Əgər T.Kərimovun həmin maddə üzrə təqsiri sübuta yetirlərsə, ona 3 ilə qədər həbs cəzası verilə bilər. Sonradan Nazir şikayətini geri çəkib.

Jurnalist Şahvələd Çobanoğlu ölkədən çıxışına qadağasının götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Onun ölkədən çıxışına 2014-cü ildən qadağa qoyulub. Lakin stop qadağası götürülməyib.

"Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli ölkədən çıxışına qoyulan məhdudiyyətə görə beynəlxalq tədbirə qatıla bilməyib. 2018-ci ilin iyul ayında "Bastainfo.com”da dərc edilən iki məqaləyə görə Mustafa Hacıbəyliyə cinayət işi qaldırılıb. Həmin ilin oktyabr ayından onun ölkədən çıxışına qadağa qoyulub.

İyun ayının 18-də jurnalist Elçin Həsənzadə naməlum şəxslər tərəfindən hədələrə məruz qaldığını bildirib.

O hesab edir ki, həmin şəxslər Mingəçevir Su Kanal İdarəsinin rəisi Maarif Məmmədovun adamlarıdır.

İyun ayının ortalarında "Xeberman.com" və "press-az.com"saytının rəhbəri Polad Aslanov müalicəsi ilə əlaqədar İrana gedərkən gömrükdə saxlanılıb.

Ondan bir müddət xəbər almaq mümkün olmayıb, daha sonra isə jurnalist barәsindә 4 aylıq hәbs-qәtimkan tәdbiri seçib.

Aslanov CM-nin 274-cü maddәsilә (dövlәtә xәyanәt) ittiham olunur.

Mәhkәmәdә Polad Aslanov özünü tәqsirli bilmәyib vә hәbsini jurnalist fәaliyyәti ilә әlaqәlәndirib.

Ölkədə müxtəlif zamanlarda bloqerlər Nurlan Qəhrəmanlı(Libre) və Fatimə Mövlamlı saxlanılıblar.

Hazırda həbsdə altı jurnalist var. Bunlar Əfqan Muxtarlı, Seymur Həzi, Araz Quliyev, Elçin İsmayıllı və İkram Rəhimov və Polad Aslanovdur.

Ölkə ərazisində "Meydan TV", "Azadlıq Radiosu", "Azadlıq qəzeti", "Turan TV", "Azərbaycan saatı", "abzas.net” saytları bloklanıb.

Bütün bunlara görə beynəlxalq təşkilatlar və media ekspertləri ölkə başçısının dediyi "mətbuat azaddır” ifadəsini şübhə altına alır.

Əbülfət Baxşəli