Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

18-12-2017 15:17 / Bu xəbər 1874 dəfə oxundu

Seymur KAZIMOV

Sovet dövründə jurnalistika yaradıcılıq, təbliğat və təşviqat işləri ilə məşğul olduğundan dövlətin və hökumətin tam inhisarında idi. İnzibati amirlik sisteminin mövcudluğu, tələb-təklif anlayışlarının olmaması medianın həm də bir biznes sahəsi olmasını arxa plana atmışdı.

Reallıq isə budur ki, jurnalistika həm də biznesdir və onun idarəçiliyi doğru aparılsa, gəlir də gətirə bilər. Buna görə də media quruluşları uzunmüddətli planlarını, strategiyalarını hazırlayanda bunu nəzərə almalıdır. "Jurnalist informasiya satıb pul qazanmalıdır” ideyası indi maddiyyat üçün yeganə yol deyil. Çünki jurnalist informasiyasını satdığı auditoriyanı tanımalıdır, yəni potensial alıcısını araşdırmalıdır. Buraya reklamın cəlb olunmasından tutmuş qəzet köşklərinin yerləşdirilməsinə kimi dəqiq hesablamalar aparılmalıdır. Nəzərə alsaq ki, qəzetlər hələ də kağız formasında satılır, o zaman satışın effektivliyini artırmaq üçün köşkün qoyulduğu yer də müzakirə olunmalıdır.

Nədir media qurumunun missiyası və strategiyası? Buraya vizyon faktorunu da əlavə edib onun da cavabını axtarmağa çalışaq.

Media insanları informasiya ilə təmin edir. Onun verdiyi məlumatlar yeni, aktual, doğru olmalıdır. Bu, pul qazanmaq üçün ilkin şərtdir. Oxucuya potensal müştəri kimi baxmaq lazımdır. İnzibati amirlik sistemindən fərqli olaraq, bazar iqtisadiyyatında diktə edən tərəf bazardır. Deməli, yeni və aktual olmayan, həm də yalan məlumat verən media quruluşu oxucunu (oxu: müştərini) cəlb etməyəcək.

İkinci potensial müştəri reklamçılardır. Reklamverən şəxs öz məhsulunu tanınmış, oxunaqlı, ən çox baxılan, bir sözlə, yalan danışmayan media quruluşuna verir.

İnam yaratmağa bank hesabı kimi yanaşın: hər doğru fakt depozitə bənzəyir və hər bir səhv əməliyyat pulun itirilməsinə səbəb ola bilər. Mediaya olan inam itirsə, o zaman pulsuz qalacaq. Jurnalistika istər dünyanın ən demokratik, istərsə də ən avtoritar ölkəsində olsun, hər zaman bir məqsədə xidmət edir – reallığı üzə çıxarmağa. Ən demokratik mühit, ən mükəmməl qanun, ən ədalətli məhkəmə jurnalistə rahatlıq gətirə bilər, ancaq onun işini görə bilməz. Buna görə də ayaqda qalmaq üçün kimin pul ödəyəcəyi deyil, bu pulu kimdən və necə almaq əsasdır.

Azərbaycan mediası uzun illər inzibati amirlik sisteminin buxovlarından xilas olsa da, köhnə sistemə hələ də sadiqlik nümayiş etdirir. Əsas səbəb həm də ölkədə müstəqil medianın fəaliyyəti üçün əlverişli şəraitin olmamasıdır. Buna görə də media tam asılı struktura çevrilib və maddi gəlirləri də çox aşağıdır. Tam əminliklə demək olar ki, Azərbaycanda əksər və aparıcı media qurumlarının uzunmüddətli strategiyaları yoxdur, çünki rəqabət mühiti də yoxdur. Reklamlar əsasən elektron mediada nəzərə çarpır. Qəzetlər isə reklam üzünə həsrət qalıb.  Hazırda fəaliyyətini dayandırmış "Azadlıq”, "Ayna” və "Zerkalo” kimi qəzetlər 90-cı illərin ortalarında yüzlərlə reklam tərəfdaşı ilə işləyirdi. Siyasi vəziyyətin pisləşməsi özünü reklam bazarında da göstərdi, nəticədə bu qəzetlər bir sıra səbəblərdən, həm də maddi çatışmazlıq ucbatından nəşrini dayandırdı.

Qəzetlərin abunə sistemi də çökdürülüb. Bəzi qəzetlər fəaliyyətini dayandırmasa da, vaxtilə qarşı olduqları cəbhənin yanında yer alıb. Medianın maddi mənbələrdən məhrum edilməsi onun müstəqilliyinə vurulmuş ən böyük zərbədir.

Mətbuat azadlığının təməlində redaksiya müstəqilliyi dayanır.  Biznesi inkişaf etdirməklə müstəqilliyi qoruyub saxlamaq bilavasitə redaksiya siyasətinin tərkib hissəsi olmalıdır. Nə pul, nə də müstəqillik asanlıqla əldə olunur. Buna görə də medianın biznes qurumu kimi fəaliyyət göstərməsi üçün iki yol var: uyğunlaşmaq, ya da ölmək.///novator.az