Azərbaycanda neft ehtiyatları artır, yoxsa tükənir?
16-02-2021 17:10 / Bu xəbər 2033 dəfə oxundu
"Azərbaycanda əsas platformalarda hasil olunan neft ehtiyatlarının hər il azaldığını müşahidə edirik. Ölkə neft hasilatının pik nöqtəsini 2011-2012-ci illərdə yaşadı. Onda günə 1 milyon barel neft hasil olunurdu ki, hazırda bu nəticə 30-35 faiz aşağı düşüb".
Bunu "Toplum TV”-yə iqtisadçı Natiq Cəfərli deyib.
"Əgər azalma tendensiyasının yaxın 10 ildə də davam edəcəyini nəzərə alsaq, 20-25 il sonra neft ehtiyatlarının bitməsi gözlənilir”, - ekspert bildirib.
Dövlət Statistika Komitəsi və Dövlət Neft Şirkətinin 2010-cu ilin yekunlarında açıqladığı rəqəmlərə görə, Azərbaycanda neft hasilatı 50,7 mln., 2015-ci ildə aşağı düşərək 41,5 mln. ton olub.
Son illərin nəticələrinə nəzər saldıqda isə 2019-cu ildə Azərbaycanda 37,5 mln., 2020-ci ildə 34,6 mln. ton neft istehsal edilib.
Dünya iqtisadçıları digər ölkələrin statistikalarından yola çıxaraq 2040-cı ildə neft ehtiyatlarının tükənəcəyi ilə bağlı fikirlər söyləmişdilər. Eyni zamanda yerli iqtisadçılar da Azərbaycanın neft yataqları haqqında eyni düşüncədə idilər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın 2012-ci ildə dediyinə görə, Azərbaycanın neft hasilatının faktiki olaraq cəmləşdiyi "Azəri-Cıraqlı-Günəşli” yatağının ehtiyatı 2030-cu ilə kimi tükənəcək. Eyni zamanda Azərbaycanın neft hasilatının 2020-ci ildən sonra kəskin aşağı düşəcəyi yönündə də açıqlama vermişdi.
Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində isə məlum olub ki, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək. Bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb.
İlham Şaban "Toplum TV”-yə bildirib ki, nəticələr zaman-zaman dəyişə bilər: "Ehtiyatların neçə ilə bəs edəcəyi ilə bağlı rəqəmlər hər il dəyişir. Cari il üçün çıxarıla biləcək neft ehtiyatlarının həcmi Azərbaycanın daxili bazarındakı istehlak göstəriciləri və digər ölkələr qarşısındakı öhdəliklərindən çıxış edərək korrektə edilir və ictimaiyyətə açıqlanır. Bu proqnozlar nəzərə alınaraq ölkənin ümumi ehtiyatı istehlaka və satışa bölünür, nəticədə açıqlanan rəqəm ortaya çıxır. Eyni zamanda illər sonra yeni yataqlar aşkarlana və ehtiyatlar arta bilər. Bu səbəbdən nəticələr ildən-ilə dəyişir”.

İlham Şaban
Mənbə: Sputnik
Natiq Cəfərli isə təqdim olunan hesabatda hasilatla bağlı nüansa diqqət çəkib: "Orada bir cümlə qeyd olunur ki, neft hasilatı 2020-ci il səviyyəsində qalarsa, 25 ilə bəs edəcək. Ötən il kondensatı da nəzərə alsaq, Azərbaycanda hasilat təxminən 700 min barel civarında idi. Amma səviyyənin bu həddə qalması problem yaradan məqamdır, çünki Azərbaycanda neftin hasil olunduğu əsas platformalarda ehtiyatların hər il azaldığını müşahidə edirik. Azərbaycan neft hasilatının pik nöqtəsini 2011-2012-ci illərdə keçdi. O zaman günə 1 milyon barel neft hasil olunurdu ki, hazırda bu nəticə 30-35 faiz aşağı düşüb. Azalma tendensiyasının gələcəkdə də davam edəcəyini nəzərə alsaq, Azərbaycan hökumətinin əsas prioritetləri hasilatın sabitləşməsinə yönəlib və hasilatın azalmasının qarşısının alınması üçün tədbirlər görülür. Əgər bu ehtiyatlar yetərli olmasa və gələcək 10 ildə də azalma davam etsə, 20-25 il sonra neft ehtiyatlarının bitməsi gözlənilir".

Natiq Cəfərli
Toplum.tv
Ekspert digər önəmli məqamın dünyada son illər neftə olan təlabatın və neft istehlakının fəlsəfəsinin dəyişdiyi ilə bağlı olduğunu deyir: "Dünyada neftə olan münasibət 30 il bundan öncəkindən fərqlidir. Əvvəl neft dünya iqtisadiyyatının əsas lokomotivi sayılırdısa, son 10 ildə bu trend kifayət qədər dəyişib. Artıq texnoloji sektor önə keçib və dünya markalarının sıralamasında neft şirkətləri bəzən ilk onluqda belə yer almır. Yəni bu o deməkdir ki, ölkələr neftin həcmindən asılı olmayaraq gələcəkdə bu texnologiyalarının inkişafı nəticəsində neftə olan təlabatın hansı səviyyəyə düşəcəyini də hesablamalıdır. Bir müddət sonra neftin ən çox istehlak olunduğu sahə olan daxili yanma mühərriki, yəni avtomobillər, təyyarələr tamamilə alternativ enerjiyə keçdikdə nə baş verəcək? Neftə olan təlabat indiki səviyyədə qalacaqmı? Bu baxımdan dünyada neftə olan münasibətin dəyişməsi, eyni zamanda neft hasilatının aşağı düşməsi Azərbaycanı da ciddi düşünməyə vadar etməlidir. Bu baxımdan gerçək islahatlar yolu ilə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vaxt çoxdan çatıb”.
Bu nəticələr qiyməti yenicə artan benzinin qiymətlərinə təsir edəcəkmi?
İlham Şaban bunun Azərbaycan reallığına uyğun gəlmədiyini qeyd edib: "Azərbaycan tarixində belə bir şey olmayıb ki, benzinin qiyməti aşağı düşsün. Bizdə məhsulun maya dəyəri daim yüksəlib. Səbəbi isə odur ki, Azərbaycanda bazar yoxdur. Bizdə sadəcə dövlət tərəfindən tənzimlənən bazardan söhbət gedə bilər”.












