Azərbaycanda növbədənkənar parlament seçkisi: nələr yaşanır?
01-09-2024 11:50 / Bu xəbər 1777 dəfə oxundu
Sumqayıtdan 4 namizəd bəyanat yaydı: "Saxtakarlığı dayandırın"
42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputatlığa namizədlər - Şəfəq Mayılova, Yasəmən Mahmudova, Kəramət Salah, Ulduz Quliyeva seçki prosesinin gedişatı ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, bu gün səhər saatlarından saat 16:00-a qədər olan müddət ərzində 42-ci seçki dairəsi ərazisindəki məntəqələrdə kütləvi qanun pozuntuları baş verib.
"Səhər saatlarından başlayaraq müşahidəçilər seçki məntəqələrinə buraxılmayıblar. Bəzi müşahidəçilərin iş prosesinə ciddi maneələr yaradıblar. Bəzi məntəqələrdə yerləşdirilən müşahidə kameraları işləməyib. Bununla bağlı zənglərə Mərkəzi Seçki Komissiyasından ağlabatan cavab verilməyib”, - birgə bəyanatda deyilir.
Əlavə olunur ki, məntəqələrdə "karusel” əməliyyatları keçirilib: "İnsanların fərqli qurumlardan qrup şəklində məntəqələrə göndəriliblər. Toplu halda səs veriblər. Həmin məntəqədə qeydiyyatda olmayan şəxsləri ardıcıl olaraq siyahıya əlavə edilməsi, imza çəkdirilib bülleten verilməsi, bir şəxsə bir neçə bülleten verilməsi, eyni şəxslərin bir neçə məntəqədə səs verməsi halları kütləvi şəkil alıb”.
Həmçinin bildirilib ki, məntəqələrin yaxınlığında icra strukturlarının əməkdaşları qeyri-qanuni olaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Hicran Hüseynovaya səs vermələri üçün təşviq edirlər: "Ölkə ictimaiyyətinin diqqətinə çatdırırıq ki, 42 saylı dairədəki seçki prosesinin kütləvi şəkildə saxtalaşdırma ilə müşaiyət edildiyini əlimizdəki görüntülü faktlara əsasən bəyan edirik.
İctimaiyyətin nəzərini bu dairəyə yönəltməyə çağırırıq. Bu saxtalaşdırmanı dayandırmağı Dairə Seçki Komissiyası və Mərkəzi Seçki Komissiyasından tələb edirik”.
Şəfəq Mayılova: "Müşahidəçilərimizə əngəllər yaradılır"
42 saylı dairədən namizəd Şəfəq Mayılova bildirir ki, məntəqələrdəki müşahidəçilərinə mane yaradılır.
"Sumqayıt şəhər 42 saylı dairədə səhər saatlarından etibarən məntəqələrdəki müşahidəçilərimizin fəaliyyətinə əngəllər yaradılır. Onlara məntəqə ərazisində hərəkət etməyə imkan verilmir. Müdaxilələr və təzyiqlər edilir, barələrində akt tərtib edilir. Əsas problem 4 və 12 saylı məntəqələrdə yaşanır. 7 saylı məntəqədə, girişdə seçicilərin sol baş barmağı yoxlanılır. Lakin mürəkkəb sağ baş barmağa vurulur. Bu proses bir neçə saatdır davam edir”, - Şəfəq Mayılova bildirir.
"Bizi öldürmək istəyirsiniz?"
69 saylı Biləsuvar Seçki Dairəsindən bitərəf namizəd Nurlan Mirəli vəkilinə hücum edildiyini bildirib.
Bu barədə namizəd "Facebook"da yazıb və Mərkəzi Seçki Komissiyasına müraciət edib:
"69 saylı dairənin 14 saylı məntəqəsində icra başçısı Faiq Qürbətovun kadrı Aqşin Bağırovun qardaşı Aqil Bağırov vəkilim Cavid Məmmədzadəyə hücum çəkdi, dedi ki, sənin boğazı üzərəm. Təhkim olunmuş polis zabiti Azər Qənbərliyə müraciət olunsa da, yaxınlaşıb müdaxilə etmədi.
Necə edək, bizi öldürmək istəyirsiniz?"
Seçki fəallığı açıqlandı
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib.
O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb.
Səsvermə isə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir.
Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.