Azərbaycanda orta məktəb: "Dəmir dayaq vurublar ki, aşmasın"

Azərbaycanda orta məktəb:

30-04-2021 18:21 / Bu xəbər 4627 dəfə oxundu

Sakinlər: "Hər an uçmaq təhlükəsi var" 

Bura Saatlının Azadkənd tam orta məktəbidir.

Məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.

Bu barədə Arqument.az-a Azadkənd sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, 21-ci əsrdə Azərbaycanda belə bir məktəbin olması təhsil sistemi üçün utancdır.

Məktəb binasının bərbad halda olmasını əks etdirən görüntülərin içərisində bir şəkil daha çox diqqəti cəlb edir: qəzalı vəziyyətdə olan məktəb binasının divarına çöl tərəfdən dəmir dayaq qoyublar ki, aşmasın. 

"Yəni çöl tərəfə aşmasın, amma içəriyə, şagirdlərin başına aşsa da olar...", - kənd sakinlərindən biri fikrini ironik ifadə edir.

Sakinlərin dediyinə görə, Azadkənd böyük kənddir və burada 1000-dən artıq təsərrüfatı var, amma 1967-ci ildə tikilən məktəb heç vaxt əsaslı şəkildə təmir olunmayıb. 

"İndi isə təmir etmək də mümkün deyil. Hər an uçmaq təhlükəsi var. Dərhal sökülməli və yeni məktəb binası tikilməlidir", - sakinlər belə deyirlər. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Arqument.az-a deyib ki, həmin məktəb plandadır, yenidən tikiləcək. 
 
Saatlı Rayon İcra Hakimiyyətindən isə münasibət öyrənmək mümkün olmayıb.