Azərbaycanda parlament seçkiləri önə çəkilə bilər
02-05-2024 23:11 / Bu xəbər 1051 dəfə oxundu
Məzahir Pənahov bunu COP29-la əlaqələndirib
Azərbaycanda parlament seçkilərinin vaxtı önə çəkilə bilər.
Bu barədə mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında danışıb.
Məzahir Pənahov deyib ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır: "Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.
O əlavə edib ki, parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır.
Azərbaycanda 2020-ci ilin fevralında VI çağırış parlament seçkiləri keçirilib. Bu, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri idi.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
COP "Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.
Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil.