Azərbaycanda professor küçədə qalır

Azərbaycanda professor küçədə qalır

01-04-2024 14:41 / Bu xəbər 2083 dəfə oxundu

Fazil Qaraoğlu 7 kitabın müəllifi, "Quran"ı iki dilə tərcümə edən alimdir 

7 kitabın müəllifi, "Quran"ı iki dilə tərcümə edən 77 yaşlı professor Fazil Qaraoğlu kirayə qaldığı mənzildən çıxarılıb, Bakıda küçədə qalır.

Bu barədə naşir Şahbaz Xuduoğlu məlumat yayıb. 

O bildirib ki, professor soyuq havalarda küçədə qalır və bu gecə ölə bilər!

"Professor Fazil Qaraoğlu İsmayılov  14 il  Ankarada Gazi  Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində  araşdırma aparmaq  icazəsi alıb. "Ermənilər və Həqiqətlər- sənədlərdə"  mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cildə kitab yazıb və nəşr elətdirib. Bunla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb.  Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir ki, kirayələrdə yaşayır", - Şahbaz Xuduoğlu qeyd edib. 

Naşir deyib ki, Fazil Qaraoğlu Türkiyədə və Azərbaycanda tanınmış alimdir: "Müqəddəs "Quran" kitabını ilk dəfə hər iki dilə,  həm Azərbaycan həm də rus dilinə çevirən tək mütərcimdir. Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi Quran kitabında 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var. Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir".

"Təqribən 10 il əvvəl Fazil Qaraoğlu yanıma gəlmişdi, "Quran"ı tərcüməsini verdi ki, nəşr hüququ səndədir. Mən də 2 il qabaq nəşr edə bildim. Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayəhaqqını verə bilmədiyindən atıblar küçəyə. İstədim özümlə aparım, oteldə yer təklif etdim: "Əl yazmalarımı, illərcə topladığım sənədləri burada qoyub gedə bilmərəm", - deyir. Artıq 4 gecədir ki, küçədə gecələyir. Yasamal İcra Hakimiyyətinin qonşuluğunda. İcra nümayəndəsi deyib ki, yer tap köç, kirayənin  yarı haqqını biz ödəyərik. Mən bu müqəddəs Ramazan günlərində imkanlı şəxslərə səslənirəm, müqəddəs Quran kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib bir insandır. Amma bu nəcib insanı məhz elə bu gecə  itirə bilərik. Ona mütləq ev verilməlidir, o yaşamalıdır", - deyə naşir qeyd edib.