Azərbaycanda qanunu pozan ərəblərlə Kəmaləddin Heydərovu birləşdirən nədir?

Azərbaycanda qanunu pozan ərəblərlə Kəmaləddin Heydərovu birləşdirən nədir?

27-03-2021 03:57 / Bu xəbər 2115 dəfə oxundu

Bir neçə gündür ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib.

HİT.Az xəbər verir ki, sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində "Qırmızı Kitab”a düşmüş quşları ovlaması barədə məlumatlar, foto və videofaktlar tirajlanıb. İctimaiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyindən baş verənlərə aydınlıq gətirilməsini tələb edib. 

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və videomateriallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələnib. Xidmət rəisi turistlərin hansı məhkəmənin qərarı ilə hansı miqdarda cərimələndiyini bildirməyib.

Bu məsələnin maraqlı tərəflərindən biri də ərəb turistlərin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qonaqları olması barədə iddialardır. Hələ ki, nazir deyilənlərə reaksiya verməyib. Lakin onun susqunluğu şübhələri bir qədər artırır.

Nadir quşları ovlayan ərəb turistlər sıradan şəxslər deyil. Onlar Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) idarə edən xanədanın üzvləridir. 

Fotolarda əks olunanlar Şeyx Zayed ibn Məhəmməd Butti əl-Həmid və qardaşı Şeyx Seyf ibn Məhəmməd Butti Əl-Həmiddir. Onların qardaşı Abdulla ibn Məhəmməd Butti Əl-Həmid BƏƏ-nin Səhiyyə naziridir. 

Əl-Həmid ailəsi ilə BBƏ-ni idarə Nəhyan xanədanı arasında qohumluq bağları var. 

Kəmaləddin Heydərovun da Nəhyan sülaləsi ilə sıx təmaslarının olduğu bildirilir. Təsadüfi deyil ki, nazirin işgüzar və rəsmi səfərə getdiyi ölkələr arasında BƏƏ ilk yerlərdə dayanır. Bu ölkədən Azərbaycana gələn rəsmi şəxslər də Kəmaləddin Heydərovla görüşmədən Bakını tərk etmir. Məsələn, 2014-cü ildə Fövqəladə Hallar naziri BƏƏ-dən gələn nümayəndə heyətini qəbul edib. 2017-ci ildə BƏƏ-nin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti bu ölkədə işgüzar səfərdə olub.

Bu iki fakt Kəmaləddin Heydərovla BƏƏ rəsmiləri arasındakı çoxsaylı təmaslardan nümunədir. 

Fövqəladə Hallar nazirinin BƏƏ ilə ticari əlaqələrinin olması barədə də faktlar var. Bir neçə il əvvəl məlumat yayılmışdı ki, Kəmaləddin Heydərov pullarını ölkədən çıxararaq BƏƏ-yə daşıyır. Bu günlərdə isə araşdırmaçı jurnalist Cavanşir Həsənli nazirə məxsus "Auto UEİ Azerbaijan” şirkətinin Dubaya transfer olunması barədə məlumat yayıb. Qeyd edək ki, bu şirkətin ləğv olunması barədə məlumat yayılmışdı.

Jurnalist isə yazır ki, sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə "UEI Automotive Holdings Limited” adı ilə Dubaya transfer edilib. Bəlli olub ki, Azərbaycanda ləğv edilən, sadəcə, şirkətin adıdır.

Dubai BOX 58075 ünvanında qeydiyyatda olan "UEI Automotive Holdings Limited”  offşor şirkəti "United Enterprises International Ltd” tərəfindən təsis edilib və onun adından çıxış etmək hüququ Britaniya vətəndaşı Robert John Bakerə həvalə edilib.
"United Enterprises International Ltd” isə 2009-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsisçiliyi ilə qeydiyyatdan keçib.

"UEI Automotive Holdings Limited”  şirkəti üzərindən isə BƏƏ-də, JAFZA offşor zonasında nizamnamə kapitalı 1000 dinar olmaqla "United Entreprises Middle East Limited” təsis edilib. Şirkətin idarəçiliyini Dubaydakı "Al Suwaidi Company” həyata keçirir.

Səhmlərin 990-ı "United Entreprises Middle East Limited”ə aiddir. 10 səhm isə "Al Suwaidi Company” hüquq və menecment şirkətinin təmsilçisi qismində Hindistan əsilli Suner Kumara məxsusdur.

Bundan əlavə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, Nicat və Tale Heydərovlar Palma adalarında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdir.