Azərbaycanda qızını zəncirləyən ata saxlanılıb

Azərbaycanda qızını zəncirləyən ata saxlanılıb

10-07-2020 21:02 / Bu xəbər 1299 dəfə oxundu

"Bədənində müxtəlif xəsarətlər olan qadın evin yataq otağında zəncirlə bağlı vəziyyətdə tapılıb”

Biləsuvarda evdə atası tərəfindən zəncirlənmiş qadın azad edilib.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki,

50 yaşlı A.H qızını aprelin 2-dən evində zəncirləyib. Səbəb onun "yüngül həyat tərzi” keçirməsinə dair şübhələnməsi olub.

33 yaşlı qadın 2020-cu ilin aprelindən yaşadığı evlərinin bir otağında bağlı qalıb.

İyulun 9-da polis və prokurorluq əməkdaşları daxil olmuş məlumat əsasında evə baxış keçirib. Qızı tapıblar.

Məlumatda bildirilir ki, bu müddət ərzində qadın daim şiddətə məruz qalıb. Onun bədənində işgəncə izləri var:

"Bədənində müxtəlif xəsarətlər olan qadın evin yataq otağında zəncirlə bağlı vəziyyətdə tapılıb. O, A.H-in doğma qızıdır. 2013-cü ildə həyat yoldaşından boşanıb. Atası onun yüngül həyat tərzi keçirdiyindən şübhələnib və onu bu il aprelin 2-dən evlərinin yataq otağına zəncirləyib”.

Məlumatda deyilir ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb:

"A.H şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilir. Müvafiq ekspertizalar təyin edilib. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu, Azərbaycanda ilk hadisə deyil. Bir neçə il öncə qızını tövlədə zəncirlədiyi deyilən ata ilə bağlı görüntülər yayıldı. Atanın öz qızını 8 il zəncirdə saxladığı iddia olunurdu.
 
Meydan.tv