Azərbaycanda Rusiyaya dəstək aksiyası: “Donbas uşaqlarına kömək et”

Azərbaycanda Rusiyaya dəstək aksiyası: “Donbas uşaqlarına kömək et”

18-12-2023 16:22 / Bu xəbər 803 dəfə oxundu

Rəsmilər açıqlama vermir, siyasi şərhçi isə tədbirin keçirilməsini yolverilməz sayır

Azərbaycanda "Donbas uşaqlarına kömək et” humanitar aksiyası keçiriləcək.

Aksiyanın təşəbbüskarı Kazak İcmasıdır.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "X” (Twitter) hesabında məlumat yayılıb.

Bildirilir ki, "Donbas Uşaqlarına Yardım” humanitar aksiyası çərçivəsində Azərbaycandan 1211 hədiyyə Ukraynanın işğal altındakı Kremen vilayətində (Kremennaya) uşaqlara çatdırılacaq.


Foto: Twitter

Siyasi şərhçi Rauf Mirqədirov məsələni müqayisəli şərh etməyi vacib sayır: "Təsəvvür edin ki, Ermənistanın Ukraynadakı səfirliyi  Qarabağdakı erməni icmasına yardım edir, əlbəttə, rəsmi Bakı kəskin və qeyri-pozitiv yanaşma sərgiləyərdi. Söhbət yalnız humanitar yardımdan getmir, insanların humanitar ehtiyaclarını təmin etmək lazımdırsa, bunu beynəlxalq təşkilatlar vasitəsilə də etmək olardı. Məsələ ondadır ki, Rusiyanın işğal altında saxladığı ərazilərə elə Kremlin özü cavabdehdir. Dünyaya meydan oxuyan Rusiya humanitar vəziyyəti də aradan qaldıra bilər”.

Mirqədirov Meydan TV-yə deyir ki, işğalçı dövlət tərəfindən həyata keçirilən hər bir humanitar aksiya təbliğat xarakterlidir: "Əslində, bu tədbirin Azərbaycanda keçirilməsi yolverilməzdir. Çünki Ukrayna torpaqlarının işğal və ilhaqının təbliği aksiyasıdır”.

Milli Məclisin hakim partiyadan olan deputatları və hökumət rəsmiləri isə Meydan TV-nin mövzu ilə bağlı suallarını cavablandırmaqdan yayınıblar.

Müharibənin xronikası

2022-cil ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıblar.