''Azərbaycanda siyasi məhbus yoxdur''

''Azərbaycanda siyasi məhbus yoxdur''

23-02-2018 18:02 / Bu xəbər 2106 dəfə oxundu

Deputat Siyavuş Novruzov fikirlərinin təhrif edildiyini bildirib

"Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Amma bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var”.

Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, parlamentin ötən iclaslarında amnistiya ilə bağlı verdiyi təklif bəzi media orqanlarında təhrif edilmiş şəkildə təqdim olunub: "Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib. Ona görə də bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var. Hansı partiyanın, siyasi qrupun üzvü olmasında asılı olmayaraq hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavabdehdir”.

Spiker Oqtay Əsədov da bildirib ki, əfv və amnistiya ilə bağlı mediada müxtəlif formalı fikirlər yazılır. O, yaxın günlərdə Azərbaycan prezidenti tərəfindən Əfv Sərəncamının imzalanacağı gözlənildiyini deyib: "Əfv sərəncamı imzalamaq cənab prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir. Əminik ki, bu sərəncam imzalanacaq və çox sayda məhkum azad ediləcək".

Deputat Siyavuş Novruzov Milli Məclisin fevralın 1-də keçirilən Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin müzakirəsi zamanı amnistiyanın bir çox kateqoriyalardan olan şəxslərə aid edilməsini təklif edib.

"Xaricdə müxtəlif qruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atlırlar, sui-istifadə edirlər. Onların qarayraxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə birdəfəlik son qoyaq”, – deyə deputat bildirmişdi.

S.Novruzov həmçinin qeyd etmişdi ki, müxtəlif qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, amnistiya onlara da tətbiq oluna bilər.

Spiker Oqtay Əsədov isə bildirib ki, amnistiya aktı maddələr üzrə olur və müxtəlif kateqoriyalar üzrə şəxslərin azadlığa buraxılması prezidentin əfv sərəncamı ilə mümkündür.///meydan.tv