Azərbaycanda sükut günü elan olundu

Azərbaycanda sükut günü elan olundu

03-12-2020 16:08 / Bu xəbər 778 dəfə oxundu

İlham Əliyev sükut günü ilə bağlı sərəncam imzalayıb

Dekabrın 4-də saat 12-də Azərbaycanda II Qarabağ müharibəsində həlak olanların xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan ediləcək.

Bu barədə Prezident İlham Əliyev dekabrın 3-də sərəncam imzalayıb.

Sərəncamda bildirilir: "Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin".

Azərbaycan Müdafiə Nazirliyi bu gün sentyabrın 27-dən noyabrın 10-dək davam edən Azərbaycan-Ermənistan arasındakı döyüşlər nəticəsində Azərbaycanın 2783 hərbi qulluqçusunun həyatını itirdiyi haqda məlumat yayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.