Azərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq

Azərbaycanda taksi sürücülərindən də COVID-19 pasportu tələb olunacaq

21-09-2021 13:00 / Bu xəbər 1131 dəfə oxundu

Elşad Hacıyev: "Taksi sürücüləri sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir"

"Oktyabrın 1-dən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq".

Məlumatı Meydan.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyulun 26-da keçirdiyi brifinqdə bu barədə açıqlama verib.

O bildirib ki, sürücülər immunitet sertifikatı alaraq sərnişindaşıma fəaliyyəti göstərə bilərlər.

"Bu barədə 2 ay əvvəl məlumat verilib. Prezidentin köməkçisi Şahmar Mövsümov brifinqdə qaydaları izah etdi. Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”, - Elşad Hacıyev belə deyib.

Son məlumata görə, Azərbaycanda 7977574 nəfər vaksin olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.