Azərbaycanda üçüncü doza vaksin tövsiyə olunur

Azərbaycanda üçüncü doza vaksin tövsiyə olunur

25-08-2021 12:58 / Bu xəbər 1251 dəfə oxundu

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-də birgə məlumat yayıb.

Məlumatda vurğulanır ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza (buster) ilə peyvəndlənmələri tövsiyə edilir.

"Bunun üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir", - məlumatda yazılıb.

Qeyd edilir ki, "Peyvənd sertifikatı" müddətsizdir və üçüncü dozanın vurulması onun müddətinə təsir etmir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 3.7 milyon, ikinci mərhələdə isə 2.4 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. 

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

Azərbaycanda isə avqustun 25-nə kimi 398 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 5 min 370-nin vəfat etdiyi bildirilib.