Azərbaycanda un və çörək bahalaşdı

Azərbaycanda un və çörək bahalaşdı

05-01-2022 02:06 / Bu xəbər 1284 dəfə oxundu

Rövşən Ağayev: "Hökumət qiymət artımında ehtiyatlı olmalıdır”

"Hesablamalarımıza görə, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi "zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur”.

Bu fikirlər iri un və çörək istehsalçılarının müraciətində əks olunub.

Müraciətdə xatırlanıb ki, Azərbaycana ərzaqlıq buğda əsasən Rusiyadan gətirildiyi üçün həmin ölkənin bazarıında baş verən qiymət artımı bu məhsulun daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir: "Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub”.

Eyni zamanda, vurğulanıb ki, dünyada baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb: "Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib”.

Müraciət müəllifləri neqativ təsirlərin azaldılması məqsədilə dövlətin il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərdiyini də qeyd ediblər: "Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib”.

Tədarükçülər qeyd ediblər ki, mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, Azərbaycanın bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb:

"Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi "zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur. Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq”.

İqtisadçı Rövşən Ağayev isə mövcud vəziyyəti Meydan TV-yə şərh edərkən bildirib ki, qiymət artımının qarşısını almaq üçün bir neçə informasiyaya malik olmaq lazımdır: "Müvafiq qanunvericiliyə görə hər il hökumət Taxıl Fonduna 750 min ton buğda ehtiyatı toplamalıdır. Hazırda fondda nə qədər taxılın olduğunu və ya normaya uyğun yığılıb-yığılmadığını bilmirik. İkinci reallıq Azərbaycanın idxaldan ciddi asılılığıdır və idxal da bahalaşıb. Beləliklə, Taxıl Fondu haqqında məlumatın olmaması və idxalın qiymətinin bahalanması – biri qeyri-müəyyəndir, digəri isə dəqiqdir. Ona görə bu ikisinin ortasında qalanda suala cavab vermək çətindir”.

Rövşən Ağayevin qənaətincə, çörəyin qiymətini bir şərtlə saxlamaq olar ki, hökumət subsidiyanı davam etdirsin: "Hökumət mayda buğdanın idxalını ƏDV-dən azad etdi və dekabrın sonuna qədər də subsidiyalar verdi. Məlum müraciətdə də bu məsələyə toxunulur. Ancaq belə məlum olur ki, subsidiyanın verilməsi dayandırılıb, yəni hökumət subsidiyanı vermək istəmir”.

İqtisadçı deyir ki, dünya bazarında qiymət artdıqca, hökumət də üzərinə öhdəlik götürüb qiymət artımını kompensasiya etmək üçün un satıcılılarına, dəyirmanlara təminat verməliydi: "İndi bunun çıxış yolu olub-olmaması ayrı mövzudur və fərqli baxışlar ola bilər. Mənim yanaşmam belədir ki, hökumət qiymət artımında ehtiyatlı olmalıdır. Hərçənd ki, həmişə bazar qaydalarının işləməsini istəmişəm. Amma Azərbaycanda normal bazar qaydaları işləmir və bazar iqtisadiyyatı da yoxdur, hökumət hər yerə müdaxilə edir. Əgər hökumət hər yerə müdaxil edirsə, o zaman bu qiymət artımına da müdaxilə edə bilər”.

İqtisadçı bildirib ki, ölkədə yoxsulluq ciddi şəkildə artır, pandemiyanın ağır zərbələri qalır, bir tərəfdən də yanacaq və kommunal xərclər həddən artıq yüksəlib. Belə bir şəraitdə hökumət qiymət artımına getməkdə tərəddüd edə bilərdi, yaxud taxıl biçiminə qədər vaxtı uzadardı: "Mövcud şərtlər tələb edir ki, çox yüksək qiymət artımı səbəbindən hökumət öz ehtiyatları, subsidiya və bazara müdaxilə vasitəsilə qiymət artımının sabit saxlanılması istiqamətində ən azı addımlar düşünə bilərdi. Əlbəttə, Azərbaycanda normal statistika olsaydı və hökumət gerçək yoxsulluğun nə qədər olduğunu etiraf etsəydi, cəmiyyətdə son qiymət artımı bu qədər narazılıq doğurmazdı. Amma hökumət yoxulluğu etiraf etmir, sanki bizimlə ən azı imkanlı cəmiyyət kimi davranır”.(Meydan TV)