Azərbaycanda yaşayış minimumu 6 manat artırıldı
29-12-2020 14:03 / Bu xəbər 824 dəfə oxundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.
Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.
Bugünkü plenar iclasda "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.
2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.
Milli Məclis bu gün həmçinin gələn ilin dövlət büdcəsini də qəbul edib.
Gələn il büdcə gəlirləri 25 427 milyon manat nəzərdə tutulur ki, bu da gözlənilən ÜDM-in dəyərinin 33,6 %-i qədər olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.
Büdcə xərcləri isə 28 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.












