Azərbaycanda yeni universitet yaradılır

Azərbaycanda yeni universitet yaradılır

09-03-2021 18:23 / Bu xəbər 2047 dəfə oxundu

"Təhsil-Tələbə Krediti Fondu”ilə bağlı məsələ razılaşdırılma mərhələsindədir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazasında Şəki Dövlət Universiteti yaradılacaq.

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir ki, bu məqsədlə aidiyyəti üzrə müraciət edilib.

Hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Təqaüd alan tələbələrin sayı artırılır

Hökumətin illik hesabatında qeyd edilir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin yüksəldilməsi məsələsinə diqqət artırılır. Ötən il əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 %, dövlət sifarişi isə 7,13 % artıb.

Proqnoz yerlərin 84,5 %-i dövlət, 15,5 %-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Ötən il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1 %-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75 % təşkil edib.

Bundan başqa, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2020-ci tədris ilində 45 %-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nisbətin 50 %-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Eyni zamanda bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.

"Təhsil-Tələbə Krediti” sisteminin yaradılır

Hesabatda qeyd olunur ki, 2021-ci ildə "Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.

Bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən "Təhsil-Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

442 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində 442 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Bu təqaüd proqramları Çin, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Latviya, Qazaxıstan kimi ölkələri əhatə edib.

2020-2021-ci tədris ilində 38 nəfər İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üçün təsis edilmiş təhsil qrantı çərçivəsində təhsil almaq üçün qəbul edilib.

Hökumətin hesabatı yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.///Meydan.TV