Azərbaycanda zavodda partlayış: xəsarət alanlar var

Azərbaycanda zavodda partlayış: xəsarət alanlar var

23-01-2024 17:36 / Bu xəbər 619 dəfə oxundu

Nazirlik 2, prokurorluq və TƏBİB 3 əməkdaşın yaralandığını deyir

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Şirvan Araz zavodu” MMC-də partlayışın olduğu bildirilir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, texnoloji proses zamanı istehsalat qəzası baş verib.

Qurumun açıqlamasına görə, hadisə zamanı yaranan şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb:

"Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər”.

Şirvan Şəhər Prokurorluğundan "Report”a bildirilib ki, yanvarın 23-də baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin – 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Bildirilir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmaların davam etdirildiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də (TƏBİB) baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Şirvan şəhərində yerləşən "Şirvan Araz zavodu” MMC-də baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.

"1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir”, – deyə TƏBİB vurğulayıb.