Azərbaycandakı həbslər AŞPA-da: “Sadəcə, bir neçə məhbusu azad etmək faydasızdır”

Azərbaycandakı həbslər AŞPA-da: “Sadəcə, bir neçə məhbusu azad etmək faydasızdır”

02-10-2024 18:47 / Bu xəbər 871 dəfə oxundu

"Məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün məcburi fəaliyyət planı hazırlanmalıdır”

Oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən sessiyasında "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr davam edib.

Müzakirələrin əsas leytmotivi belə olub: Azərbaycan Avropa Şurasının dəyərlərinə uyğun olmalıdır, bu, nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün şərtdir.

Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen qeyd edib ki, yanvarın 24-də Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərar qəbul edib.

O, səbəb kimi rəsmi Bakının Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini 7 fevral prezident seçkilərini müşahidə etməyə dəvət etməməsini, həmçinin "Dağlıq Qarabağda insan hüquqları ilə bağlı vəziyyət”lə izah edib.

Kristofersenin fikrincə, COP29 konfransı yaxınlaşdıqca, Azərbaycanda hadisələr "pis istiqamətdə” inkişaf etməyə davam edir: "Belə ki, Azərbaycan hakimiyyəti Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini 1 sentyabr parlament seçkilərini müşahidə etməyə dəvət etməmək qərarına gəlib. Avqustun 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə Avropa Şurası Parlament Assambleyasının 76 deputatını  "persona non-qrata” elan edib. Sentyabrın 1-də keçirilmiş parlament seçkilərində demokratik standartlara əməl olunmaması narahatlıq yaradıb. Ölkənin Seçki Məcəlləsi Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Venesiya Komissiyasının tövsiyələri daxil olmaqla, beynəlxalq standartlara cavab vermir. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyinə əsasən, parlament seçkiləri "məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə  keçirilib ki, bu da rəqabətin olmamasına gətirib çıxarıb”.

"Seçkilər repressiyalar fonunda baş tutub”

Norveçli deputat əlavə edib ki, Azərbaycanda sentyabrın 1-də keçirilən seçkilər həmçinin fikir plüralizminə qarşı davam edən repressiyalar, söz azadlığı və toplaşma azaldığının sərtləşdirilməsi, siyasi fəallara, vətəndaş cəmiyyətinə və KİV nümayəndələrinə qarşı davam edən repressiyalar fonunda baş tutub: "Seçkilərdən bir neçə ay əvvəl hakimiyyət seçkiləri işıqlandırmaq üçün peşəkar təcrübəyə malik "Toplum” TV, "AbzasMedia” və "Kanal-13” nəşrlərin onlarla jurnalistini həbs edib. "Turan” agentliyi daim təzyiqə məruz qalan azsaylı müstəqil KİV-dən biridir”.


"Hakimiyyət seçkiləri müşahidə etmək təcrübəsinə malik Anar Məmmədli və Akif Qurbanov kimi vətəndaş cəmiyyəti fəallarını həbs edib. Hökumətin tənqidçisi və keçmiş diplomat Emin İbrahimov xuliqanlıq, talış tədqiqatçı İqbal Əbilov dövlətə xəyanət ittihamı ilə həbs edilib. Gənc fəal Bəhruz Səmədov da həbs edilib. Sonuncu "Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki əsirlər ətrafında həll olunmamış vəziyyəti” qeyd etmişdi”, – deyə məruzəçi əlavə edib.

Kristofersenin sözlərinə görə, 2024-cü il yanvarın sonundan Azərbaycan hakimiyyəti Bakıda Avropa Şurasının İşgəncələrə qarşı Komitəsilə yüksək səviyyəli danışıqlar aparmaqdan imtina edib.

Müzakirələr zamanı irlandiyadan deputat Pol Gavan Nazirlər Komitəsinə və Avropa Şurası Parlament Assambleyasına təklif edib ki,  "Azərbaycanın bu təşkilat qarşısında öhdəliklərinin çoxsaylı ciddi pozulması ilə əlaqədar” birgə prosedura başlanılsın.

Britaniyalı deputat Azərbaycanı müdafiə edib

İsveçli deputat Azade Rojhan Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verən 76 deputatın ölkəyə girişinə qoyulan qadağanı tənqid edib.

Ancaq Böyük Britaniyadan deputat Kristofer Chope Azərbaycanla bağlı xüsusi debatların keçirilməsini ölkəyə qarşı ayrı-seçkilik hesab edib: "Çünki öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vəziyyətin daha pis olduğu dövlətlər var”.

"Niyə bu assambleyanın bəzi üzvləri hesab edirlər ki, biz Türkiyəyə Azərbaycandan daha az ciddi yanaşmalıyıq?”, – deyə britaniyalı deputat sual səsləndirib.

O bildirib ki, beynəlxalq birlik Azərbaycanın COP29-a sədrliyini, Birləşmiş Millətlər Təşkilatının 120 üzvü isə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyini dəstəkləyib.

Deputat Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qaytarılmasını və mövcud məsələlərlə bağlı birbaşa dialoqun aparılmasını təklif edib.

Şvabe britaniyalı deputata qarşı çıxıb…

Ona etiraz edən almaniyalı həmkarı Frank Şvabe deyib ki, Azərbaycan və Türkiyədə vəziyyət fərqlidir: "Bakıdan fərqli olaraq Ankara Avropa Şurasının monitorinqindən imtina etmir, Bakı isə Avropa Şurası ilə əməkdaşlıqdan imtina edib. Hazırkı debatlar isə Azərbaycanda insan hüquqlarına həsr olunub. 2023-cü ilin fevralından sonra ölkədə siyasi məhbusların sayı 93-dən 319-a yüksəlib”.

"Azərbaycana bu təşkilatın dəyərlərini və qaydalarını dəyişdirməyə icazə verəcəyikmi? Yoxsa, Azərbaycandan bu təşkilatın dəyərlərini və qaydalarını qəbul etməyi xahiş edirik? Əgər ölkə və hökumət bunu etməyə hazırdırsa, Assambleyada onları görməyə şad olarıq”, – deyə Şvabe əlavə edib.

İtaliyalı deputat Aurora Floridia da COP29 iqlim konfransı ərəfəsində Azərbaycanda insan hüquqlarına diqqətin artırılmasına çağırıb: "COP29 yaxınlaşdıqda təkcə iqlim dəyişikliyilə mübarizə tədbirlərini yox, həm də ev sahibi olan ölkədən insan hüquqlarının qorunmasını tələb etməliyik”.

Serbiyalı deputat Biljana Pantiç Pilja Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan bu debatların keçirilməsinin "xüsusi mənasının” olmadığını bildirib.

O hesab edib ki, Avropa Şurası Parlament Assambleyası dialoq üçün meydança olmalıdır: "Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə təşəbbüs, çətin ki, bəyan edilmiş məqsədlərə çatmağa kömək etsin. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərar faydasız və əks-məhsuldardır”.

Onun həmyerlisi Elvira Kovaks, türkiyəli deputat Zeynəb Yıldız, italiyalı deputat Elizabeta Qardini də Azərbaycanın Avropa Şurasına qayıtmasına tərəfdar olublar.

Liz Kristofersen dialoq üçün qapıların açıq olduğunu deyib...

Müzakirəni yekunlaşdıran Liz Kristofersen bildirib ki, heç kim dialoqu bərpa etmək üçün qapıları bağlamayıb: "Lakin təmaslara çıxış əldə edə bilmirik. Bunun nə ilə başa çatacağını söyləmək çətindir, amma Azərbaycan xalqının rifahı üçün dialoq qurmağa çalışmalıyıq. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və Baş katib bu dialoqda koordinasiyalı şəkildə hərəkət edəcəklər. Sadəcə, bir neçə siyasi məhbusu azad etmək faydasızdır. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları və KİV haqqında məhdudlaşdırıcı qanunları dəyişdirmək üçün məcburi fəaliyyət planı hazırlanmalıdır. Yenilənmiş dialoqa bütün cəhdlər Avropa Şurasının prinsiplərinə əsaslanmalıdır”.