Azərbaycandan İrana uçuşlar davam etdiriləcək

Azərbaycandan İrana uçuşlar davam etdiriləcək

24-02-2020 17:04 / Bu xəbər 759 dəfə oxundu

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidməti bildirir ki, "Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bu barədə APA-ya AZAL-dan bildirilib.

"O cümlədən, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "Iran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq", - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcək.